"Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər"
Bu sözləri AzEdu.az-a təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında qeyd edib:
"Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru olmaqla, əyani və qiyabi forma üzrə həyata keçirilir. Əyani yəni, istehsalatdan ayrılmaqla, qiyabi isə istehsalatdan ayrılmamaqla aparılır. Fəlsəfə doktoru üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi formada isə 4 ildir. Elmlər doktoru üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Fəlsəfə doktoru üzrə təhsil alan hər hansısa bir şəxsin hərbi xidmətə çağrılması onun fəaliyyətinə mane yaradırmı? Baxın, bir şəxs 17,18 yaşında universitetə qəbul olur. 4 il bakalavr, 2 il magistratura və 3 il doktorantura üzrə oxuyur. Bu da elədi təxminən 27 yaş. Bəs, bu şəxs nə vaxt əsgərliyə getsin? Bu halda indiki qaydalar daha alternativdir. İkinci həll yolu isə həmin şəxslərə ümumiyyətlə güzəşt verilsin ki, elmi işlə məşğul olsun.
Daha yuxarı təhsil pilləsində oxuyanların 18 yaşında 11-ci sinifi yeni bitirmiş şəxslərlə birgə hərbi xidmət keçmələri də birmənalı deyil. Hazırda 600-dan yuxarı bal toplayanlar Heydər Əliyev adına Hərbi İnstitutda hərbi xidmət keçirlər, həmin şəxslər üçün də belə bir şərait yaradıla bilər. Yəni bu kimi məsələləri nəzərə alsaq, hərbi xidmətin müddətinin uzaldılması, əlavə vaxtın verilməsi yaxşı hal deyil", - deyə ekspert fikrini yekunlaşdırıb.