İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın lideri ilə Rusiya prezidenti arasında olan fərqi ortaya qoydu…
Müəllif: Azər Qaramanlı
Bu gün Azərbaycan prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüşdə prezidentin toxunduğu məqamlar qəza baş verən gündən etibarən havadan asılı qalan sualları və bu məsələlərə Rusiya tərəfinin rüsvayçı yanaşmasını əhatə edib.
Əslində bu sualları Rusiya dövlət qurumlarının hadisəyə yumşaq desək, saymazyana və ədalətsiz yanaşması yaradıb və belə reaksiya əslində “Şimal ayı”sının xislətindən irəli gəlir. Bu yanaşma tarixi boyu öz vətəndaşlarına belə, qeyri-insani münasibət sərgiləmiş Rusiyanın ümumilikdə insanlığa olan yanaşmasının növbəti və adi qeyri-humanist nümunələrindən biridir.
Müqayisə üçün qeyd edim ki, biz üstündən dörd ildən artıq vaxt keçsə də, Vətən Müharibəsində şəhid verdiyimiz əsgərlərimizin ağrı-acılarını hələ də daşımaqdayıq. Hər bir şəhidimiz bizim gözümüzdə həm də müqəddəsdir və biz özümüzü onların qarşısında borclu hesab edirik. Amma biz hər gün Ukraynada yüzlərlə itki verən, ümumilikdə yarım milyondan artıq qurban verilən Rusiya vətəndaşlarına görə rus xalqının ağrı və acısını hiss etmirik. Heç kim hiss etmir. Çünki onlara görə bu sadəcə belə də olmalıdır. Rus ailə əxlaqında önəmli olan Ukrayna çöllərində ölən oğula, ərə, qardaşa görə "Lada"ya sahib olmaqdır. Bu bizimlə rus xalqı arasında olan fərqdir.
İlham Əliyevin bugünkü çıxışı isə Azərbaycan prezidenti ilə Rusiya rəhbəri arasındakı fərqi ortaya qoymuş oldu. Azərbaycan prezidenti bir daha göstərdi ki, rəhbərlik etdiyi ölkənin hər bir vətəndaşına qarşı daşıdığı bir məsuliyyət var və bu məsuliyyət onu qarşısında kimin olmasından asılı olmayaraq haqsızlığa qarşı çıxmağa vadar edir. Rusiya prezidenti Vladimir Putin isə həmişə olduğu kimi, özünü heç kimin qarşısında məsul görmək istəmir. Putinin davranışları həm də insanlıq adına ayıbdır və bu ayıb da Rusiyanın özünəməxsus imperialist və şovinist mahiyyətindən doğur. Bu həm də Rusiya dövlətçiliyinin mahiyyətidir.
Azərbaycan prezidentinin bu gün ifadə etdiyi təəssüf və hiddət Rusiyanın insan taleyinə sərgilədiyi mövqeyə olan etirazdır və təbii ki, Rusiya və ruslar bu etirazı başa düşməyəcəklər. Başa düşsələr belə, bunun etirafı mümkün deyil...
Azərbaycan prezidenti ona görə Rusiyaya qarşı hiddətini ifadə etdi ki, “Şimal ayısı” xarakterinə uyğun olaraq öz dostlarına və düşmənlərinə qarşı eyni baxış bucağından yanaşır. Bu yanaşmada sadəcə, bir fikir var: Mən güclüyəm, nüvə silahım var və buna görə də mənim qara gördüyümü, hamı qara görməli, ağ dediyimə, hamı ağ deməlidir. Bu konteksdən kənarda hər şey və hər kəs Putinin və rusların düşmənidir. Müasir dünyada yalnız Rusiya imperializminə xas belə açıq şovinist və faşist yanaşma şimal qonşumuzun dövlətçilik ideologiyasının nüvəsini təşkil edir.
Bu üzdən İlham Əliyevin dilə gətirdiyi təəssüf və hiddət doğru idi. Rusiya dostlarına qarşı baş verən təsadüfi hadislərdə belə, səhvini etiraf etməyi, normal şəkildə üzr istəməyi bacarmırsa, demək ki, rus xalqının özünün də kollektiv düşüncəsi sadəcə, təhlükə mənbəyidir və dostluqdan, əməkdaşlıqdan, insani dəyərlərdən uzaq bir zəkadır... Və bu, əsrlərdir belədir!
Poliqon.info