Hindistanın Çattisqarh əyalətində Maoist terror qruplaşmasının həyata keçirdiyi bombalı hücumda 8 polis əməkdaşı və bir sürücü həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, polis rəsmiləri hadisənin bazar ertəsi Bijapur rayonunda baş verdiyini və qurbanların getdiyi polis maşınına hücum edildiyini açıqlayıb. Bu hücum ştatda təhlükəsizlik qüvvələrinə qarşı arabir hücumların sonuncusu olub.
Çattisqarh və ətraf ştatlar onilliklərdir ki, Maoçu qrupun təsirinə məruz qalıb. Bununla belə, son illərdə maoçuların fəaliyyət göstərdiyi bölgələrin xeyli azaldığı bildirilir.
Buna baxmayaraq, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurmalar davam edir və son aylarda keçirilən əməliyyatlarda çoxlu terrorçu öldürülüb.
Maoçu terror qruplaşması Çin lideri Mao Zedunun kommunist ideologiyasını mənimsəyərək hökumətə qarşı partizan tipli müharibə aparır.
Qrup iddia edir ki, onlar yoxsul hindli fermerlərin və torpaqsız işçilərin torpaqlarına daha çox nəzarət etmələri və böyük mədən şirkətləri tərəfindən idarə olunan mədənlərdə daha çox paya sahib olmaqları üçün mübarizə aparırlar.