AZ

"Yeni baş məşqçi də “Neftçi”də nəyisə dəyişməyi bacarmayacaq" - bədbin proqnoz

Futbol üzrə ölkə çempionatında mövsüm yarılandı.

Turnir cədvəlinə baxanda iki “beşlik” yarandığını görmək mümkündü. “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah” avrokuboklara əsas namizədlərdi. Yolayrıcında mütəxəssis fikrinə ehtiyac duyduq: cari mövsümün ilk yarısını necə dəyərləndirirsiz? Sizcə, çempionatın səviyyəsi artıbmı? Ciddi rəqabət görürsüzmü? Konkret hansı klublar avrokuboklara vəsiqə uğrunda mübarizəni sona qədər davam etdirəcək?

Aslan Kərimovu dinləyək:

“Əslində çempionat gözlədiyimiz kimi davam edir. Düzdü, ilk yarıda bəzi surprizlər vardı. “Qarabağ” yenə çempionluq savaşında tək olacaq. Amma “Araz-Naxçıvan” bizi təəccübləndirdi. “Turan Tovuz” Kurban Berdıyevin gəlişi ilə gücləndi. Mənfi mənada təəccübləndirən “Neftçi” oldu. Axı maliyyə durumuna baxanda “Neftçi” ilk “üçlük”də mübarizə aparmalıdı. Əfsus ki, çempionata çox pis başladılar. Radikal addıma əl ataraq baş məşqçi dəyişikliyi etdilər. Samir Abasovun gəlişindən sonra “ağ-qaralar” bir qədər dirçəldilər, ən azı əzmkarlıq baxımından. Amma oyunçuların keyfiyyəti və komandaya uyğunlaşma o qədər də yaxşı deyil. Yəqin ki, qış fasiləsindən sonra “Neftçi”nin dəyişikliyi barədə nəsə danışmaq mümkün olacaq. Nəticə etibarilə yeni baş məşqçi də “Neftçi”də nəyisə dəyişməyi bacarmayacaq. Əldə olan oyunçularla bunu etmək mümkün deyil. Ümumiyyətlə, “Qarabağ”la rəqabət aparmaq başqa komandalar üçün mümkünsüzdü. Çünki transfer məsələsində Ağdam təmsilçisinə həddən artıq uduzurlar. “Köhlən atlar”ın oyun təcrübəsi nə qədər çox olsa da, hər şeyi həll edən oyunçu keyfiyyətidi. “Neftçi” ilə “Sabah”ın büdcəsi də keyfiyyətli oyunçu almağa icazə verir. Onlar yetərincə yaxşı oyunçular transfer etmədikləri üçün “Qarabağ”la rəqabətdə geri qalırlar.Avrokuboklara vəsiqəyə qalan əsas iddialılar “Turan Tovuz”la “Araz-Naxçıvan” olacaq. Ən azı indi tutduqları yerə görə Avropaya yollana bilərlər. Hesab edirəm ki, “Sabah” və “Zirə” də sona qədər bu döyüşün içində olacaq. “Neftçi”də isə bunun nə dərəcədə alınacağını bilmirəm. Çünki həddən artıq xal itiriblər. Amma mübarizə apara bilərlər”.

RÖYANƏ OĞUZ
Seçilən
31
football-plus.az

1Mənbələr