Yanvarın 15-də yerli vaxtla saat 15:00-dan etibarən bütün Gürcüstanda üç saatlıq xəbərdarlıq tətili elan edilib.
Hafta.az “Newsgeorgiya” nəşrinə istinadla xəbər verir ki, bu haqda “Protest 24” platforması məlumat yayıb.
“3 saat ərzində müvəqqəti olaraq qapıları bağlayıb çölə çıxacağıq. Tətilimizlə təcrid olunmuş vəziyyətdə bizi nələrin gözlədiyini göstərəcəyik: dayanmış iqtisadiyyat; qapalı biznes; yoxsulluq və işsizlik. Həm təhlükə, həm də həll yolu hamı üçün ortaqdır – yeni seçkilər və məhbusların azad edilməsi”, – aksiya təşkilatçıları belə yazır.
Xatırladılır ki, oktyabrın sonundan Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi ilə etirazlar keçirilir.
Gürcüstan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanması məsələsini dörd il müddətinə dayandırdıqlarını elan etməsindən sonra aksiyalar yeni güclə alovlandılar. Noyabrın 28-dən etibarən Tbilisi, Batumi və Kutaisi şəhərlərinin mərkəzində hər gün mitinqlər keçirilir.