Ukraynada müharibə nəticəsində didərgin düşmüş minlərlə insan ölkədəki ağır həyat şəraiti səbəbindən könüllü olaraq Rusiyanın işğal etdiyi bölgələrdəki evlərinə qayıdır.
Publika.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” məlumat yayıb.
Bildirilib ki, Rusiyanın ölkənin enerji infrastrukturuna hücumu nəticəsində yaranan iqtisadi çətinliklər, mənzil çatışmazlığı və ağır həyat şəraiti səbəbiylə minlərlə ukraynalı işğal altındakı bölgələrdəki evlərinə qayıtmaq məcburiyyətindədir.
Hazırda Ukrayna daxilində didərgin düşmüş 3,5 milyon insan xüsusilə sığınacaq tapmaqda ciddi çətinliklərlə üzləşir. Birləşmiş Millətlər Təşkilatının ötən ilin noyabrında apardığı araşdırmaya görə, məcburi köçkünlərin 40 faizi əsas ehtiyaclarını ödəmək üçün dövlət və ya beynəlxalq təşkilatların humanitar yardımına güvənirlər.
2024-cü ilin avqust ayından sosial yardım alanların sayı təxminən 1 milyon olduğu halda, bir çox insan mənzil təminatından faydalana bilmir.
Yaşayış yerlərində və dolanışıqlarında çətinlik çəkən ukraynalıların tapdığı son həll yolu işğal altında olan evlərinə qayıtmaqdır. Lakin bu, bir çox ukraynalılar üçün özlüyündə çətin və riskli prosesdir.