AZ

Raul Ximenes Xavyer Ernandesin rekordunu qırdı

İngiltərə Premyer Liqasının 20-ci turunun “İpsviç Taun”la ev oyunu “Fulhem”in meksikalı mərkəz hücumçusu Raul Ximenes üçün düşərli olub.

Arena.az məlumat verir ki, Ximenes 2:2 hesabı ilə başa çatmış bu oyunda hər ikisi penalti zərbəsindən olmaqla, “Fulhem”in qollarına imza atıb.

Beləliklə Ximenes İngiltərə Premyer Liqasında ən çox – 55 qol vurmuş meksikalı futbolçu ünvanına sahib olub. Ximenes həmyerlisi, “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer “Çiçarito” Ernandesin 53 qolluq nəticəsini geridə qoyub.

Raul Ximenes Meksikanın “Amerika” klubunun məzunudur. Ximenes karyerası ərzində Madrid “Atletiko”su, “Benfika”, “Vulverhempton” və “Fulhem”də çıxış edib.

“Fulhem” Ximenesi 2023-cü ilin iyul ayında “Vulverhempton”dan 6,40 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “bağçılar”ın düşərgəsinə qatıb.

Meksikalı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ximenes “Fulhem”in heyətində 22 oyuna 9 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Ximenesin “Fulhem”in heyətində çıxışının ümumi mənzərəsi isə 51 oyun, 16 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Raul Ximenes 2013-cü ilin yanvar ayında debüt etdiyi Meksika yığmasının heyətində 109 oyuna çıxıb, 35 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı meksikalı mərkəz hücumçusu Raul Ximenesin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
28
arena.az

1Mənbələr