Ukrayna atəşkəsə razıdır, amma...
2025-ci ilin əsas siyasi gözləntilərindən biri Rusiya-Ukrayna müharibəsinin başa çatmasıdır. Ötən ilin payızına kimi müharibənin hansısa razılaşma və ya atəşkəslə bitməsinə inam az idisə, ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi bu məsələdə həlledici rol oynaya bilər. Belə ki, Trampın “Ukraynada sülh planı” ümumən Qərbin Ukrayna - Rusiya müharibəsinə baxışını dəyişir. Dünənə qədər sülh çağırışları əsasən Şərqi Avropa ölkələrindən - Türkiyə, Macarıstan, Serbiya, Slovakiyadan səslənirdisə, artıq bu sıra daha da “sıxlaşır”. Xüsusilə Almaniyanın prosesə aktiv şəkildə qoşulması, Fransanın sülh haqqında danışması və başqa dövlətlərin də bu fikirləri dəstəkləmələri onu göstərir ki, sülh prosesi demək olar ki, aktiv fazaya qədəm qoyur. Vurğulandığı kimi, bu məsələdə ABŞ-ın yeni prezidenti Donald Trampın mövqeyi əsaslı rol oynamaqdadır. Trampın yeni ildən Ukraynaya silah tədarükünün azaldılacağını, maliyyə yardımlarının minimuma endiriləcəyini və humanitar məqsəddən kənara çıxmayacağını deməsi müharibə ilə bağlı gözləntilərin üzərinə “su səpib”.
Ukrayna “yola gəlir”...
Artıq deyəsən Ukrayna da sülh və ya atəşkəslə bağlı təkliflərə “hə” deməyə hazırlaşır. Birinci mərhələdə müəyyən “şərtlərlə” danışmağa çalşan Kiyev sözdə özünün “təhlükəsizlik” məsələsini ön plana çıxarmağa çalışır. Belə ki, prezident Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində Ukraynanın Rusiyanın gələcək hücumlarını dəf etmək üçün silahla təmin olunmaq şərti ilə atəşkəslə razılaşacağını bildirib. “Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-a hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacaq”, - o bildirib. Zelenski bildirib ki, o, münaqişənin başlanğıcında Qərbin silah təchizatının azalması ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir. Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar.
Maliyyə və hərbi yardımlar...
Vurğulanmalıdır ki, hələ 2024-cü ilin əvvəlindən ABŞ-da Ukraynaya yardım məsələsi əsaslı fikir ayrılığı yaratmışdı. Xüsusilə, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar bu məsələdə daha radikal mövqedən çıxış edirdilər. Bildirilirdi ki, “Ukrayna ABŞ-ın hansısa bir ştatı deyil”. Davam edən müharibənin isə hansısa nəticəyə yol açacağına ümid azalmışdı.
Statistik rəqəmlərə müraciət etsək, ABŞ 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ukraynaya əhəmiyyətli maliyyə və hərbi yardım göstərib. 2022-ci ilin fevralından 2024-cü ilin sonuna qədər ABŞ Ukraynaya təxminən 100 milyard dollara yaxın yardım ayırıb. Bu məbləğə hərbi, iqtisadi və humanitar yardımlar daxildir.
Yardımların hərbi strukturu da genişdir. ABŞ-ın Ukraynaya hərbi yardımı müxtəlif silah və texnikaları əhatə edir. Siyahıya nəzər salsaq, burada M1 Abrams tankları, Bradley piyada döyüş maşınları, HIMARS raket sistemləri, Patriot və NASAMS HHM sistemləri, MQ-9 Reaper pilotsuz uçuş aparatları və başqa silah-sursatın adını çəkə bilərik. Bayden administrasiyasının müharibənin daha da alovlanmasına xidmət edən bu addımları isə neqativ nəticələrə yol açıb. Bir neçə gündən sonra andiçmə mərasimi gerçəkləşdirəcək yeni prezident Trampın məsələyə baxışı fərqlidir.
Avropa da razıdır...
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək niyyətini ifadə edib. Onun planı Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsi müqabilində atəşkəs əldə etməyi nəzərdə tutur. Trampın müşavirləri NATO-ya üzvlüyün Ukrayna üçün mümkün olmayacağını və ərazi güzəştlərinin müzakirə edilə biləcəyini bildirirlər. Bu təkliflər müəyyən bir müddət həm Ukrayna hökuməti, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunsa da, son dövrlərdə bu plan ətrafında razılaşma sezilməkdədir. Bəzi analitiklər Trampın bu planının müharibəni tez bir zamanda bitirə biləcəyini düşünürlər.
Vurğulandığı kimi, Avropanın məsələyə münasibətində də dəyişikliklər hiss edilir. Məsələn, Almaniya və Fransa Trampın sülh planının Ukraynanın ərazi bütövlüyünə xələl gətirə biləcəyindən narahatlıq ifadə etsələr də, hər hansı bir sülh sazişinin Ukraynanın razılığı ilə olmasının əhəmiyyətini önə çəkirlər. Onların fikrincə, indiki mərhələdə atəşkəs gələcək üçün mühüm sülh təməli sayıla bilər. Ümumi mövqeyə gəldikdə isə, hazırda sülh üçün əsaslı şərtlərin ortaya çıxdığının tərəfdarı kimi çıxış edirlər...
SADİQ