2050-ci ilə qədər demək olar ki, 40 milyon insan bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranmasına görə ölə bilər.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
Nəşr Böyük Britaniyanın keçmiş baş sanitariya həkimi Salli Devisin sözlərini sitat gətirib:
“Antibiotiklərə qarşı müqavimətin yayılması səbəbindən hər il təxminən 1 milyon insan ölür ki, bu rəqəm növbəti 25 il ərzində artacaq. Bu qorxuludur”.
Qəzet aydınlaşdırıb ki, 2050-ci ilə qədər bakteriya müqavimətindən ölüm göstəriciləri iki dəfə artacaq, ümumi ölüm sayı 40 milyon olacaq. Səbəb antibiotiklərin, o cümlədən qida sənayesində geniş istifadə olunmasıdır ki, bunun da nəticəsində getdikcə daha çox bakteriya mutasiyaya uğrayaraq antibiotiklərə qarşı müqaviməti inkişaf etdirir.
Bəs, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, antibiotiklərin yaranması, istehsalı sırf bakteriyalara qarşı müqavimət göstərmək üçündür.
Onun sözlərinə görə, antibiotik belə olsa, hər hansı preparatı çox istifadə etdikdə ona qarşı bədən öyrəşir, başqa digər bakteriyalara qarşı müqavimət göstərə bilmir və onun müqabilində də gücsüz düşür.
Günay Lətifova, terapevt
Terapevt onu da nəzərə çatdırıb ki, antibiotiklərin, o cümlədən digər maddələrin qidaya əlavə olunması heç kimə yad bir mövzu deyil və əgər bunu hər hansısa qidada, qida əlavəsində gündəlik olaraq qəbul etsək, təbii ki, bədən artıq ona qarşı müqavimətini itirəcək:
“Statistika hələ tam məlum olmadığı üçün bu haqda fikir bildirmək düzgün deyil. Biz statistikaya bağlı olaraq bu mövzunu araşdıra bilərik. Bu isə hazırda mümkün deyil”.
Müsahibimiz insanların seçdikləri qidaya daha da diqqət etmələrini, yedikləri qidaların daha təbii olmasına üstünlük vermələrini, özbaşına özlərini antibiotiklə və ya virus əleyhinə dərmanlarla müalicə etməmələrini tövsiyə edib:
“Mütləq şəkildə insanlar həkimə müraciət etsinlər. Bu gün təbii otlardan hazırlanmış preparatlar, yerli müdaxilələr var. Məsələn, boğaz ağrıyırsa, ona yerində təsir göstərə bilirik. İnsanlar özləri özlərini müalicə edib, dərmanları çox istifadə edib bədənlərində tolerantlıq əmələ gətirməsinlər ki, bu kimi hallarla da üzləşmək məcburiyyətində qalmasınlar”.
Mina Mikayılova