Şahdağ Milli Parkı zəngin flora və faunasına görə seçilir. Buranın füsunkar mənzərələri insanları heyran qoyur. Azərbaycanın ən uca Bazardüzü (4466 metr) zirvəsindən sonra ikinci ən yüksək zirvəsi olan Şahdağ (4243 metr) təkcə qışda deyil, yay aylarında da dümağ qarla örtülü olur. Ağ niqablı gəlinə bənzəyir Şahdağ...
Şahdağ Milli Parkı (ŞMP) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115,8 hektar təşkil edirdi. Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli sərəncamı ilə parkın ərazisi 14,613 hektar genişləndirilərək 130,5 hektara çatdırılmışdır.
Parkın yaradılmasında əsas məqsəd çoxlu sayda transsərhəd köçəri heyvanlar da daxil olmaqla, qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsidir.
Qeyd etmək lazımdır ki, parkın yaradılması burada torpağın münbit qatının qorunub saxlanılmasına, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsinə müsbət təsir göstərmişdir.
ŞMP-də elmi-tədqiqat işlərinin aparılması üçün əlverişli şərait yaradılmışdır. Burada vaxtaşırı ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi üçün tədbirlər keçirilir. Eyni zamanda, regionda ekoturizmin inkişafı istiqamətində layihələr icra edilir.
Tədqiqatçılar hesab edirlər ki, parkın ərazisinin yerləşdiyi yüksəklik, relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən formalaşmışdır.
Burada həm yekcins, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə əsasən, göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqala, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.
ŞMP-nin heyvanat aləmi də çox zəngindir. Burada quşlardan qırqovul, qaratoyuq, alabaxta, sarıköynək, çobanaldadan, ağacdələn, alabaxta, bildirçin və qarğalara, məməlilərdən isə cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, yasaq, gəlincik və porsuqlara daha çox təsadüf olunur.
Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri də qorunur.
2020-ci ildə ŞMP-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və WWF Azərbaycanın birgə həyata keçirdiyi unikal layihə sayəsində Qafqazda zubrların populyasiyası yenidən bərpa olunmağa başlanmışdır. Xatırladaq ki, bölgədə sonuncu zubr (meşə kəli) 1927-ci ildə ovlanmışdır.
Park öz təbiətinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ilə xeyli sayda yerli və xarici turistləri özünə cəlb edir. Bura təşrif buyuranlar parkın gözəlliklər məskəni olduğunun fərqinə varır, bu gözəl yerlərə bir daha gələcəklərini deyirlər.
M.HACIXANLI
XQ