AZ

Professor oğlundan Prezidentə müraciət

Azad Şükürov: “Bizi bu çıxılmaz vəziyyətdən, hər an evlərimizin başımıza uçma təhlükəsindən xilas edin…”

Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Badamdar yolu küçəsi 28 ünvanında yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Baş nazir Əli Əsədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Azərbaycan Respublikası Bədən Tərbiyə Akademiyasının məzunu, veteran idmançı, idman ustasıyam, vaxtilə dövlət qulluğunda xidmət etmişəm.

Atam Şükürov Sadiq Cəfər oğlu Filologiya elmləri doktoru, professor olub. 

Mən Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, Badamdar yolu küçəsi 28, 162 nömrəli məktəbin arxa tərəfində yerləşən qəzalı vəziyyətdə olan evdə yaşayıram. Həmin məktəblə bizim evi ayıran hasarın arasında 1,5 metr məsafə var. Evlərin məktəbin həyətinə uçma təhlükəsi olduğu üçün burada hər an ölüm hadisəsi də baş verə bilər. Yağış, qar yağan zaman evlərimizin yerləşdiyi torpaq sahəsində sürüşmə baş verir. Atmosfer çöküntülərinin təsiri nəticəsində yaşadığımız evin divarlarında çoxlu sayda çatlar yaranıb.

Bu barədə müvafiq dövlət orqanlarına, o cümlədən Fövqəladə Hallar Nazirliyinə, Səbail rayon İcra Hakimiyyətinə məlumat vermişik. Bunun əsasında evlərimizə baxış keçirilmiş və qəzalı vəziyyətdə olması barədə müvafiq AKT və protokollar tərtib edilmişdir. Lakin illər keçməsinə baxmayaraq, bu günə qədər həmin ərazidən başqa yaşayış sahəsinə köçürülməmizə dair heç bir iş görülməyib.

Məlumat üçün qeyd edim ki, bizim evlərin əksəriyyəti, o cümlədən də mənim evim ötən əsrin əvvələrində tikilib. Yəni evimizin amortizasiya müddəti çoxdan bitib. Evlərimizin yaxınlığına yerləşən 162 məktəb isə 1968-ci ildə tikilib. Məktəb tikiləndə evlər köçürülməli və ya müvafiq tədbirlər görülməli idi.

Evlərimiz arasındakı məsafə çox dar olduğundan, buradan yalnız bir nəfər adam keçə bilər. Bu dar yol 700 metr məsafə təşkil etdiyinə görə, hətta yanğınsöndürmə briqadası və ya təcili tibbi yardım maşınının xilas etmə işləri aparmaq üçün əraziyə daxil olması mümkün deyil. Hazırda biz çox çətin vəziyyətdə qalmışıq.

Bildirirəm ki, yaşadığımız evlərin yerləşdiyi ərazi qəzalı elan edildiyindən nə evimizi özəlləşdirə, nə də sata bilirik, nə də bizi bu ərazidən köçürürlər.

Yəqin gözləyirlər ki, kimin başına evi birinci uçsa ona da ev verib köçürdərlər.

Sizə müraciət etməkdə məqsədim odur ki, bizi bu çıxılmaz vəziyyətdən, hər an evlərimizin başımıza uçma təhlükəsindən xilas edəsiniz. Çünki dövlət orqanlarını bizim taleyimiz qətiyyən maraqlandırmır.

Sizdən xahiş edirəm ki, müraciətimi nəzarətə götürüb, bizə köməklik göstərəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq.

 

  

Seçilən
29
hurriyyet.az

1Mənbələr