ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp oğlunun əvvəllər mətbuata açıqladığı Danimarkanın Qrenlandiya adasına səfərini təsdiqləyib.
Siyasətçi qeyd edib ki, “əgər nə vaxtsa” bu ərazi Amerika dövlətinə birləşsə, qrenlandiyalılar bundan faydalanacaq. “Oğlum kiçik Donald və digər nümayəndələr ən möhtəşəm yerləri ziyarət etmək üçün ora gedəcəklər. Biz onu aqressiv xarici dünyadan qoruyacağıq və mühafizə edəcəyik. Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək”, – Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan əvvəl “Fox News” kanalı siyasətçinin böyük oğlu kiçik Donald Trampın bu gün Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə bir günlük şəxsi səfərə gedəcəyi barədə məlumat yayıb. Onun “heç bir dövlət rəsmisi və ya siyasətçi ilə” yox, yalnız yerli sakinlərlə əlaqə saxlayacağı vurğulanır. Səfər proqramına həmçinin yerli turistik yerlərə və mədəniyyət obyektlərinə səfərlər daxildir.
Donald Trampın özü əvvəllər qeyd etmişdi ki, Birləşmiş Ştatlar “bütün dünyada milli təhlükəsizlik və azadlıq naminə” Qrenlandiya üzərində nəzarəti “mütləq zərurət” hesab edir. Qrenlandiya 1953-cü ilə qədər Danimarka müstəmləkəsi olub və 2009-cu ildə muxtariyyət və özünüidarəetmə hüququ qazanaraq krallığın bir hissəsi olaraq qalır.
//Samir Qurbanov, Editor.az