Startap ekosistemi, innovativ və yeni bizneslərin yaranmasını və inkişafını dəstəkləyən bir mühitdir. Bu ekosistem, müxtəlif elementlərin qarşılıqlı əlaqəsi ilə fəaliyyət göstərir. Bu müəssisələrin inkişafı üçün investorlar vacibdir, çünki onlar startaplara maliyyə dəstəyi verir və yeni ideyaların həyata keçirilməsini mümkün edir. Bununla yanaşı, mentorlar və məşvərətçilər, təcrübəli sahibkarlar və mütəxəssislər vasitəsilə startaplara strateji məsləhətlər və rəhbərlik göstərilir. Ekosistemin digər mühüm tərkib hissəsi isə təhsil və təlimlərdir; universitetlər, məktəblər və xüsusi təlim proqramları yeni sahibkarlara biznes bacarıqlarını öyrədir və onları uğurlu bir startapa çevirmək üçün lazım olan biliklərlə təmin edir.
Bəs Azərbaycanın regionlarında startap ekosisteminin inkişaf etdirilməsi üçün hansı strategiyalar tətbiq edilməlidir?
Məsələ ilə bağlı "Operativ Media"ya danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Mərkəzinin rəhbəri Mübariz Şahbazlı bildirib ki, Azərbaycanda startup ekosistemi ilə bağlı nəinki bölgələrdə, bütöv ölkədə çətinliklər var:
"Ümumiyyətlə, startap ekosistemini inkişaf etdirmək üçün onun tərkibini tam anlamalıyıq. Bu, yalnız maliyyə dəstəyi, insan resursları və qanunvericilik mühiti ilə mümkün deyil. Ekosistemi qurarkən, hər bir elementin öz yerində düzgün şəkildə işləməsi və bir-birini tamamlaması vacibdir. Ekosistem yalnız dövlətin qanunvericilik təşəbbüslərini və maliyyə dəstəyini deyil, həm də təhsil, peşəkar xidmətlər, elmi-tədqiqat institutları, mentorluq və şəbəkələşmə imkanları, innovativ xidmətlər və digər mühüm komponentləri əhatə edir.
Bu gün bu sahədə qarşılaşılan əsas problemlərdən biri dövlət orqanlarının ekosistemi dəstəkləməsi, lakin kifayət qədər maliyyə dəstəyi təmin etməməsidir. Startaplar innovativ və texnoloji sahibkarlıq fəaliyyətləri olduğuna görə, onlar sadəcə bir layihə deyil, bütöv bir biznes sahəsidir. Dövlət, bu ekosistemi dəstəkləmək üçün yalnız qanunvericilikdə dəyişiklik etməməli, həm də biznes dünyasında fəaliyyət göstərən istedadları bir araya gətirərək innovativ sahibkarlığı inkişaf etdirməlidir. Bu məqsədlə "Vahid Pəncərə" yanaşmasını tətbiq etmək tövsiyə olunur. Bu yanaşma çərçivəsində, startapların inkişafı üçün zəruri olan bütün xidmətlər — vergi xidməti, dövlət orqanları və digər müvafiq qurumlar — bir yerdə təqdim edilməlidir. Dövlət, həmçinin maliyyə dəstəyi və investisiya istiqamətində daha fəal olmalıdır ki, ekosistem inkişaf edə bilsin.
Bölgələrdə innovativ sahibkarlığın inkişafında qarşılaşılan ən böyük çətinliklərdən biri istedad məsələsidir. Azərbaycan, xüsusilə mühəndislik sahəsində, qlobal səviyyədə hələ də zəif inkişaf edib. Startap ekosistemini canlandırmaq üçün bu vəziyyətin yaxşılaşdırılması vacibdir. Bu, yalnız yerli bazara deyil, qlobal bazarda rəqabət edə bilən inkişaf modelinə ehtiyac olduğunu göstərir. Azərbaycan üçün yalnız yerli ehtiyaclara uyğun bir inkişaf kifayət etməyəcək, eyni zamanda qlobal trendləri izləyən istedadlar yetişdirmək lazımdır. Bu məqsədlə təlim və inkişaf proqramları, maliyyə dəstəyi və digər dəstək mexanizmləri ilə zəngin bir ekosistem yaradılmalıdır".
O, bildirib ki, bu sahədə ən uğurlu modellərdən biri "klaster" modelidir:
"Klaster modelində, müxtəlif sahələrdə ixtisaslaşmış startaplar və şirkətlər qarşılıqlı əməkdaşlıq edərək bir-birini dəstəkləyir. Məsələn, Qəbələdə turizm sahəsində, Gəncədə isə kənd təsərrüfatı sahəsində innovativ həllər üzrə fəaliyyət göstərən müəssisələr üçün klasterlər yaratmaq əla nümunələr ola bilər. Bu cür lokal və sektor spesifik klasterlər həm yerli iqtisadiyyata, həm də ölkəmizin qlobal bazarda rəqabət qabiliyyətini artırmağa kömək edər.
Bununla yanaşı, cihaz mühəndisliyi və avadanlıq mühəndisliyi sahələrindəki zəifliklər də diqqətə alınmalıdır. Rəqəmsal biznesi dəstəkləmək mövzusunda irəliləyişlər olsa da, bölgələrdə texnologiyaya maraq hələ də aşağıdır. Bu sahəyə sahibkarlıq cəlb etməkdə çətinliklər yaşanır. Bununla belə, cihaz mühəndisliyi sahəsi Avropa və digər regionlarda böyük tələbat görür və bu sahədə inkişaf etmək mümkündür. Klasterlər yaradılaraq bu istiqamətdəki inkişaf sürətləndirilməlidir. Ən əsası, istedadların klasterlərini qurmalıyıq.
İstedadlı şəxslər, sahibkar ruhuna sahib olan insanlardır və onların startap və innovativ bizneslər yaratmalarına dəstək verilməlidir. Klaster modelinin tətbiqi ilə bu məqsədi reallaşdıra bilərik. Dünyada, məsələn, İsraildə Tel-Əvivdə daha çox rəqəmsal bizneslər yerləşsə də, Haifa və şimal bölgələrində İT sahəsi güclüdür. Bu, göstərir ki, yalnız mərkəzdə deyil, regionlarda da innovativ dəstək olmalıdır. Azərbaycanda da Qəbələ kimi inkişaf etmiş bölgələrdə, sahibkarlar kiçik bizneslər qurmaqda müvəffəqiyyət əldə edirlər. Bununla yanaşı, yalnız bölgələrə dəstək verməklə kifayətlənməyib, ölkə üzrə vahid bir ekosistem dəstəyi təmin edilməlidir".
Mübariz Şahbazlı bildirir ki, Azərbaycanda hələ də bu sahədə ciddi irəliləyişlər görülməyib:
"Dövlət, bu məsələyə ciddi maliyyə yatırımları etməlidir. Məsələn, Özbəkistan və Gürcüstanın bu sahəyə 20-30 milyon dollar və ya daha yüksək məbləğdə investisiya etdiyi bir dövrdə, Azərbaycanda bu rəqəm yalnız 2-5 milyon dollar arasındadır. Bunun əsas səbəblərindən biri, bu məsələyə prioritetli yanaşılmamasıdır. Ölkə olaraq, innovativ sahibkarlığa daha ciddi yanaşmalı və bu sahəyə investisiyaları artırmalıyıq".
Bəs startap ekosisteminin bölgələrdə inkişaf etdirilməsi üçün KOBİA tərəfindən hansı işlər görülür?
Mövzu ilə bağlı Kiçik və Orta Biznesin Inkişafı Agentliyindən (KOBİA) "Operativ Media"ya bildirilib ki, Agentlik tərəfindən regionlarda startap ekosisteminin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir:
"KOBİA mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqələri təşkil edir. Sözügedən müsabiqələr vasitəsilə regionlarda fəaliyyət göstərən sahibkarlar innovativ layihələrini həyata keçirmək üçün 20 min manata qədər maliyyə dəstəyi alırlar. Bununla yanaşı, KOBİA tərəfindən startaplara “Startap” şəhadətnaməsi verilir. “Startap” şəhadətnamə vasitəsilə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azadolma tətbiq olunaraq startapların inkişafına təkan verilir. Həmçinin regionlarda startaplara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə konsultativ dəstəyin verilməsi, hüquqi yardımın göstərilməsi, bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi məqsədilə ölkənin müxtəlif şəhər və rayonlarında KOBİA-nın strukturuna daxil olan KOBİM-lər fəaliyyət göstərməkdədir. Belə ki, KOBİM-lərdə müxtəlif istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.
Nərmin Qocamanlı