AZ

Gecə yolda, səhər Balakəndə: Yeni qatarda komfortlu SƏYAHƏT

Azərbaycanın dəmir yolunda son illərdə aparılan təkmilləşdirmə işlərinin ən yaxşı nümunələrindən biri Bakı–Balakən–Bakı marşrutunun bərpasıdır. 2025-ci ilin yanvar ayının 3-dən etibarən fəaliyyətə başlayan bu marşrut sərnişinlərə təkcə rahat və sürətli səyahət imkanları təqdim etmir, eyni zamanda şimal-qərb bölgəsinin turizm potensialının yüksəldilməsinə mühüm töhfə verir. Bu marşrutun bərpası ilə region sakinləri daha rahat və təhlükəsiz şəkildə səyahət edə biləcəklər. Gecə qatarlarının təqdim etdiyi komfort və iqtisadi üstünlüklər bu marşrutu həm yerli, həm də xarici turistlər üçün cəlbedici edir.

 

Hər şey infrastrukturun bərpasından başlayır

 

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə "Azərbaycan Dəmir Yolları" (ADY) daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib.

 

Uzun məsafələrdə xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş 5 yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Balakənə qatarla getməyə dəyər

 

Balakən Azərbaycanın şimal-qərb bölgəsində yerləşən və təbiətinin zənginliyi ilə tanınan bir bölgədir. Bu bölgə müxtəlif mədəniyyətləri özündə birləşdirən bir yerdir. Bakı-Balakən gecə qatarı turistlər üçün bu bölgəyə asan və rahat səyahət imkanı yaradır.

 

Balakənə səyahət edən turistlər gecə qatarı ilə rahatlıqla yola çıxaraq səhər saatlarında bu gözəl bölgəni kəşf etməyə başlaya bilərlər. Balakənin dağları, çayları və meşəlikləri bölgənin cazibədarlığını artırır.

 

Balakən xüsusən yay aylarında, təbiətinin və tarixi yerlərinin cazibədarlığı ilə turistləri cəlb edir. Bu səbəbdən turistlərin və daxili səyahət edənlərin sayında mövsümi artım müşahidə olunur. Xüsusilə bayramlarda və tətil günlərində sərnişin axınının artması müşahidə olunur. İnsanlar bayramları ailələri ilə keçirmək üçün bölgələrə səfər edirlər.

 

Bakıdan Balakənə işgüzar məqsədlə gedənlər də az deyil. Respublikanın şimal-qərb zonasında iqtisadi fəaliyyət gücləndikcə, bu bölgəyə işgüzar səfərlərin də sayında artım gözlənilir. Turizm və işgüzar səfərlər gözləntilərini təmin etmək məqsədilə Bakı-Balakən qatarının inkişafı davam etdiriləcək.

 

Yanvarın 3-dən fəaliyyətə başlayan Bakı–Balakən–Bakı marşrutu üzrə reyslərin  doluluq səviyyəsi 90 faizdən çox olub. Bu  həmin istiqamətdə sərnişindaşımada yüksək tələbatın olduğunu göstərir.

 

Bu marşrut yarım milyona yaxın vətəndaşa rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Sərnişinlər üçün rahatlıq-özünü evindəki kimi hiss elə

 

Dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

 

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

 

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir.

 

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq müəyyən olunub.

 

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

 

Bakı-Balakən gecə qatarı uzun məsafə üçün nəzərdə tutulmuş rahat oturacaqlar və çarpayılar təklif edir. Səyahətçilər öz kabinələrində və ya çarpayılarında rahat bir şəkildə yuxuya gedə bilərlər. Bu xüsusilə uzun müddət yol gedənlər üçün əvəzsiz bir üstünlükdür, çünki ünvana çatdıqda özlərini enerjili hiss edirlər.

Gediş haqqı yüksəkdirmi? – Rahatlığın yerini heç nə vermir

 

Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 manat, standart+ üzrə 27 manat, biznes sinif üzrə 72 manatdan başlayır. Amma məsafədən və dayanacaqdan asılı olaraq qiymətlər dəyişir.

 

Bakı-Balakən qatarının fəaliyyətə başlaması ilə ən çox müzakirə edilən məsələ qiymət oldu. Sərnişinlər hesab edir ki, standart biletlər üçün 18 manat qiymət yüksəkdir. Bəs alternativlər necədir? Bundan ucuz və rahat getmək mümkündürmü?

 

Bakı və Balakən arasındakı məsafə təxminən 467 km-dir. Bakı Beynəlxalq Avtovağzalından Balakənə yola düşən avtobusda 1 nəfər üçün gediş haqqı 16 manat 60 qəpikdir. Yolda dayanmalar nəzərə alınmaqla səfər müddəti şəxsi avtomobillə azı 6 saat, avtobuslarla 7 saatdır. Yollarda tıxaclar və digər yol maneələri səbəbindən səyahət daha yorucu ola bilər. Bakı ilə Balakən arasındakı yol, gündüz saatlarında tıxac və sıxlıqla üzləşə bilər.

 

Rayonlara sərnişin daşıyan şəxsi avtomobil sahibləri 1 nəfəri Balakənə 20 manatdan aşağı aparmırlar.

 

Əgər bir nəfər şəxsi avtomobili ilə təkcə Balakənə gedirsə sərf etdiyi yanacaq orta hesabla 20 manat təşkil edəcək. Yalnız ailəvi və ya bir neçə nəfərlə getdikdə bu, sərfəli sayılır. Digər hallarda avtomobil və avtobuslarla Balakənə getmək gecə qatarları ilə müqayisədə müddət və xərc baxımından o qədər də fərq etmir.

 

Gecə qatarı ilə səyahət edənlər həm nəqliyyat, həm də gecələmə xərclərini azaldır. Balakənə səyahət edənlər, gecə saatlarında qatarla yola çıxaraq səhərə yaxın Balakəndə çatıb otelə getməyi planlaşdırmaq əvəzinə birbaşa ünvana çatmış olurlar. Başqa sözlə gecəni qatarda keçitrən sərnişin həm yol gedir,  həm də 1 günlük otel xərcindən qabağa düşür. Bütün bunlar  büdcəyə qənaət və vaxtın səmərəli şəkildə istifadə etməyə imkan yaradır.

 

Layihənin iqtisadi faydaları

 

Bakı-Balakən sərnişin qatarı yalnız Bakı ilə Balakən arasındakı nəqliyyat əlaqəsini gücləndirmək və sərnişinləri daha rahat və sürətli şəkildə daşımaqla kifayətlənmir. Bu qatar həmçinin regional iqtisadiyyatı, ekoloji mühiti və sosial inklüzivliyi dəstəkləyir. Yeni sərnişin qatarlarının istifadəyə verilməsi Azərbaycanın dayanıqlı inkişafına və ətraf mühitin qorunmasına müsbət təsir göstərərkən, həm də iş imkanlarının yaradılması və sosial inkişafı təşviq edir.

 

Bakı-Balakən qatarının istifadəyə verilməsi, nəqliyyat sahəsində yeni iş yerlərinin yaradılmasına səbəb olur. Qatarların və stansiyaların tikintisi, texniki xidmətləri, mühəndislik layihələri və xidmət sahələri üçün işçi qüvvəsi tələb olunur. Bu Balakən və yaxın bölgələrdə yaşayan insanlar üçün yeni iş imkanları deməkdir.

Sərnişin qatarları ekoloji təmiz və səmərəli nəqliyyat vasitələri hesab olunur. Bakı-Balakən qatarı avtomobil və təyyarə ilə müqayisədə daha az yanacaq sərfiyyatı və karbon dioksid emissiyasına gətirib çıxarır.

 

Bakı-Balakən qatarı bölgələr arasında səyahət etməyi asanlaşdıraraq, cəmiyyətin müxtəlif təbəqələrinin daha əlverişli və rahat nəqliyyat vasitələrindən istifadə etməsinə imkan verir. Ailələr, tələbələr, işçilər və yaşlı insanlar üçün sərfəli və rahat səyahət imkanları təqdim edir.

 

Bakı-Balakən qatarı turizm sahəsi üçün də böyük imkanlar yaradır. Balakən, təbii gözəllikləri və tarixi abidələri ilə məşhur olan bir bölgədir. Sərnişin qatarı bu bölgəyə daha rahat və sürətli nəqliyyat imkanı təqdim edərək, turistlərin sayını artıra bilər. Bu, yerli turizm bizneslərinin inkişafına və bölgə iqtisadiyyatına əlavə gəlir gətirə bilər. Turizmin inkişafı restoranlar, otellər və digər turizmə aid xidmət sahələrinin inkişafına səbəb olacaq.

 

 

Xaricdə yataq tipli qatarlarda qiymətlər

 

Avropada yataq tipli qatarların qiymətləri bir neçə amildən asılı olaraq dəyişir. Marşrutun uzunluğu, kabinənin növü, biletin nə vaxt alındığı və xidmətin keyfiyyəti qiymətlərə təsir edir. Məsələn, qısa məsafələr üçün (300-500 km) yataq kabinələrdə qiymətlər 30-70 avro arasında dəyişir. Orta məsafələrdə (600-800 km) qiymətlər 50-100 avro arasında olur. Uzun məsafəli səyahətlərdə (1000-1500 km) yataq kabinələrin qiyməti isə 70-150 avro arasındadır.

 

Kabinə növü də qiymətləri müəyyən edir. Əgər sərnişinlər kollektiv kabinələrdə səyahət edirlərsə, qiymətlər 30-50 avro arasında dəyişir. Tək kabinələr isə daha bahalıdır, bu cür kabinələrdə qiymətlər 60-120 avro arasında ola bilər. Cüt kabinələrdə səyahət etmək istəyənlər üçün qiymətlər 50-100 avro arasındadır. Lüks kabinələrdə isə qiymətlər 150-250 avro arasında dəyişir.

 

Əlavə olaraq biletləri əvvəlcədən almaq qiymətləri 20-30 fazi ucuzlaşdıra bilər. Ayrıca müxtəlif endirimlər və kampaniyalarla qiymətlər daha əlverişli olur. Ümumiyyətlə Avropada yataq tipli qatarlarda  gediş haqları 30 avrodan başlayıb 250 avroya qədər yüksəlir.

Türkiyədə gecə qatarlarının qiymətləri seçilən sinifə, marşruta və səyahət vaxtına görə dəyişir. Gecə qatarlarında 3 əsas sinif mövcuddur: "Yataklı" (yatar çarpayı), "Kuşetli" (özəl çarpayı) və "Örtülü" (açıq çarpayı).

 

 Yataklı çarpayılarda qiymətlər təxminən 20-40 dollar arasında dəyişir. Kuşetli (Özəl Çarpayı): Hər bir sərnişinə özəl bir çarpayı təqdim edilir, amma daha az komfortlu olur. Qiymətlər təxminən 15-30 dollar arasında olur. Örtülü (Açıq Çarpayı) - Bu, ən ucuz seçimdir və sərnişinlər açıq çarpayıda səyahət edirlər. Qiymətlər təxminən 10-20 USD arasında dəyişə bilər.

 

Qiymətlər seçilən marşrutdan asılı olaraq dəyişir. Məsələn, İstanbul-Ankara, İstanbul-Bursa və digər şəhərlərarası gecə qatarlarında qiymətlər fərqli ola bilər. Bilet qiymətləri həmçinin mövsümə və erkən bilet alınıb-alınmamasına görə dəyişir.

 

Rusiyada gecə qatarlarının qiymətləri səyahət marşrutuna, seçilən sinifə və vaxtına görə dəyişir. Platskart sinifdə sərnişinlər açıq çarpayıda yatırlar, Qiymətlər təxminən 15-30 dollar arasında dəyişir. Kupe sinifində 4 nəfərlik kiçik otaqlarda yerləşirsiniz və daha komfortlu bir səyahət təklif olunur. Qiymətlər təxminən 30-60 dollar arasında olur. SV vaqonlarda  çarpayılar daha geniş və komfortlu olur və 2 nəfər üçündür. səyahət edə bilir.  Qiymətlər 60-120 dollar və ya daha yüksək ola bilər.

 

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon emissiyasını azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

 

ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir.

 

2025-ci ilin əvvəlindən Bakı-Balakən-Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.

Seçilən
39
modern.az

1Mənbələr