AZ

“DANIŞIR VƏ GÖSTƏRİR ŞUŞA” FİLMİNİN REJİSSORU MURAD MURADOV: “Təəssüf ki, bizdə özəl sektor yalnız komediya filmlərinə dəstək olur"

Azərbaycan Respublikasının Kino Agentliyinin müsabiqə qaliblərindən olan “Danışır və göstərir Şuşa” sənədli filminin istehsalı artıq başa çatıb.

Herbiand.az ekran əsərinin rejissoru və ssenari müəllifi Murad Muradovun Kinoinfo.az-a müsahibəsini təqdim edir.

Danışır və göstərir Şuşa”… Murad müəllim, hələ sadəcə adı ilə yaddaşlarımızın dərin qatlarını oyadan bu filmin necə ərsəyə gətirilməsini saytımızın oxucularına açıqlamağınızı istərdik…

-2023-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) film layihələri müsabiqəsi elan etdi. Oskar prodakşnla birlikdə “Danışır və göstərir Şuşa” ssenarisini müsabiqəyə təqdim edib qaliblər sırasında yer tutduq. Elə həmin ilin avqust ayında ARKA ilə müqavilə bağladıq. Filmin ssenari müəllifləri Ramil Ələkbərovla mənəm. Quruluşçu rejissorluğunu da mən yerinə yetirdiyim Danışır və göstərir Şuşa”nın icraçı prodüseri Azad Axundov, təsvir rejissoru Nadir Mehdiyev, bəstəkarı Azər Hacıəsgərlidir. Film Şuşa Tele-radio Yayım Stansiyasının fəaliyyətindən bəhs edir. Bu film məncə çox maraqlı bir ekran əsəri olacaq. Çünkü indiyədək çəkilən filmlərdə bu mövzuya toxunan olmamışdı. Hətta nisbətən gənc nəslin təmsilçilərinin böyük əksəriyyəti belə bir tele-radio məkanının olmasından, fəaliyyətindən və 20 Yanvar faciəsi zamanı bizi informasiya blokadasından necə çıxardığından bixəbər idilər. Onlardan hansına bu barədə məlumatlar verirdim, çox maraqla qarşılayırdılar.

Biz sentyabr ayında artıq filmin çəkilişlərinə başladıq. Çəkilişlərin böyük hissəsi Şuşada baş tutdu. Bir hissəsini isə Bakıda reallaşdırdıq. Filmin baş qəhrəmanı Fazil Həsənov Şuşa Tele-radio Yayım Stansiyasının keçmiş əməkdaşıdır. Şuşa Tele-radio Yayım stansiyası 1990-cı ildə yanvar hadisələri zamanı – Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladıldığı dövrdə yeganə televiziya informasiya mənbəyi kimi fəaliyyət göstərib. Stansiyanın taleyi Qarabağın, Şuşanın və ümumilikdə Azərbaycanın 60 illik zaman kəsiyində baş verən hadisələrin fonunda təsvir olunub. Filmdə yayım stansiyasının hazırkı əməkdaşları ilə yanaşı vaxtilə oraya ezam olunmuş jurnalist Bəxtiyar Qaracadan, rejissor Əlimürsəl Hacızadədən və Şuşa stansiyası ilə əməkdaşlıq etmiş digər şəxslərdən müsahibələr götürülüb. Xronometrajı 35 dəqiqədir. Fazil bəyin verdiyi real məlumatlar əsasında səhnələşdirmə də etmişik. Filmin istehsal prosesi artıq bitib və baxılması üçün bədii şuraya təhvil verilib.

-Film hansı kinoteatrlarda nümayiş olunacaq?

-Bədii şura tərəfindən qəbul olunduqdan sonra, öncə tərcümə edilib beynəlxalq festivallara göndəriləcək. Daha sonra çox güman ki, televiziyalarda nümayiş olunacaq. Bu filmin ərsəyə gəlməsi mənim üçün çox maraqlıdır. Çünkü üç ildir ki, bu filmin ideyasını, ssenarisini öz düşüncələrimdə daşıyırdım. Daha sonra ssenarist Ramil Ələkbərova bu ideyanı birlikdə gerçəkləşdirməyi təklif etdim. O da məmnuniyyətlə təklifimi qəbul etdi.  Bu filmi ərsəyə gətirmək üçün bir çox qapıları döydüm. Çünki çox maraqlı və strateji məqsədli bir ssenaridir. Amma təəssüflər olsun ki, bizə heç kim dəstək olmaq istəmədi. Nə yaxşı ki, ARKA-nın keçirdiyi müsabiqə oldu və biz ssenarini müsabiqəyə təqdim edə bildik. Müsabiqədə isə layihəmizə müsbət rəy verildi və nəticədə biz də bu işə başlaya bildik.

Yeri gəlmişkən onu da qeyd edim ki, mən tariximizin kiçik bir parçasını özündə əks etdirən bu ssenari, film layihə ilə bağlı özəl televiziyalara da, dövlət televiziyasına da, sponsorlara da müraciətlər etmişdim. Heç filmin istehsalı çox böyük büdcə də tələb etmirdi. Lakin onlar ötəri şəkildə filmin ideyasının maraqlı olduğunu bildirsələr də, çox təəssüf ki, sonucda onların heç birindən kömək görmədim. Təəssüflər olsun ki, bizdə özəl sektor, sponsorlar tərəfindən belə janrda, belə mövzuda olan filmlərə dəstək olunmur, halbuki bunu çox həvəslə etməlidirlər. Mən özüm özümə suallar verirəm və özüm öz suallarımın içində ilişib qalıram ki, niyə özəl sektor, sponsorlar yalnız komediya janrında olan filmlərə dəstək olurlar, amma ciddi mövzuda olan ssenarilərə biganə qalırlar. Mənim də, digər əməkdaşların da maraqlı ssenariləri var ki, təəssüflər olsun heç kim ona dəstək olmaq istəmir. Axı hər şeyi yalnız dövlətdən gözləmək olmaz. Bizim kino industriyası inkişaf etməlidir. Özəl şirkətlər, sponsorlar kinoya dəstək olmalıdırlar. Hər şeyi dövlətin üzərinə yıxıb ancaq dövlətdən maliyyə gözləmək absurddur. Bu mənim subyektiv fikrimdir. Xarici ölkələrdə oturub dövlətin dəstəyini gözləmirlər. Elə qardaş Türkiyədə də bütün filmlər, seriallar, audiovizual əsərlər özəl şirkətlərin dəstəyi ilə gerçəkləşir.

Növbəti film layihələriniz haqda da bilmək istərdik…

-Hazırda əlimdə bir bədii film ssenarisi var. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İİttifaqının (AKİ) keçirdiyi “Arxa cəbhə” ssenari müsabiqəsinə təqdim etdiyim ssenarilərdən də bir neçəsi qalibdir. Əgər ARKA yenidən müsabiqə keçirsə, məmnuniyyətlə o ssenarilərlə bu dəfəki müsabiqəyə də qatılacam.

 

Seçilən
66
herbiand.az

1Mənbələr