AZ

BÖYÜK “SÜRPRİZLƏR”- “Trampın hakimiyyətinin başlaması ilə dünyanı çox gərgin bir dövr gözləyir”

“ABŞ-da hakimiyyət dəyişikliyindən gözləntilər bütün dünyada ciddi maraq doğurur. İlk növbədə bu, ABŞ-ın bütün dünyada super güc statusunun göstəricisidir. Trampın yenidən hakimiyyətə gəlməsi əsasən, onun prezident kimi kimliyinin keçən hakimiyyəti dövründən bəlli olan cizgiləri üzərindən analiz edilir. Trampın verdiyi bəyanatların xarakteri də buna əsaslar yaradır. Bəzi dairələr buna əsasən Trampın yürüdəcəyi siyasətin konturlarını təxmin edirlər. Amma ehtimalların doğruluq faizi də mübahisə predmetidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Donald Tramp keçən hakimiyyətinin də verdiyi təcrübə ilə ikinci hakimiyyəti dövründə hansısa “sürprizlər” edə bilər:

“Bu sürprizləri gözləmək olar. Amma belə sürprizlərin əsasən Amerikanın daxili siyasətində ediləcəyi böyük ehtimaldır. Xarici siyasətdə sürpriz ehtimalı mümkün olan sahə əslində yoxdur. Tramp xarici siyasətinin konturlarını böyük ölçüdə bəyan edib. Tramp hakimiyyətə Amerika daxilində yenilik etmək üçün gəlib. Bu, Amerikanın dərin dövlət anlayışı ilə əlaqəli məsələlərdir, eyni zamanda, Amerikanın həyatında kök salmış köhnə problemlərin həll edilməsidir. Buna immiqrant, silah lobbisi, hüquq sistemindəki özünə yer etmiş çatışmazlıqların aradan qaldırılmasından tutmuş Amerikanın xarici borcları kimi məsələlər aiddir.

Tramp bununla yanaşı xarici siyasətdə də köklü dəyişikliklərə işarə edir. Hətta Kanada və Süveyş kanalının, Qrenlandiyanın ilhaq edilməsi kimi mesajlar verir. Əslində bunların həyata keçməsi əsl sürpriz ola bilər. Həmçinin NATO-dan ABŞ-ın çıxması kimi bəyanatlar da ciddi maraq doğurur. Görünən odur ki, qeyd edilən məsələnin sadəcə birinin həyata keçirilməsi bütün dünya düzəni üçün geosiyasi təlatüm deməkdir. Hesab edirəm ki, Trampın hakimiyyətinin başlaması ilə dünyanı çox gərgin bir dövr gözləyir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr