AZ

“Qarabağ” Juninyo ilə də çempion olacaq, Juninyosuz da”- braziliyalının gedişi...

Son günlərin ən populyar futbolçusu Juninyodu. Sirr deyil ki, “Qarabağ”ınbraziliyalı ulduzunun İspaniya karyerası tezliklə start götürəcək. Onun “Sevilya”ilə müqavilə bağlamasınınn an məsləsi olduğu da gün kimi aydındı. İspaniya mətbuatında yer alan xəbərlərə inansaq, tərəflər maliyyə mövzusunda da ortaq məxrəcə gəlib, Juninyo artıq Azərbaycanı tərk edib, Sevilyada özünə ev də tutub. Bircə qalır klubların rəsmi açıqlaması...

Təbii ki, Juninyo karyerasında böyük tərəqqi edə bilər. “Qarabağ” isə bu transferdən həm pul, həm də imic baxımından qazanclı çıxacaq. O da var ki, bu səviyyədə mərkəz hücumçusunun getməsi “köhlən atlar” üçün böyük itkidi. “Qarabağ” Avropa Liqasındakı son iki oyunu da onsuz keçirməli olacaq. Braziliyalının yerinə kim transfer olunsa belə, ağdamlılar onun adını iştirak ərizəsinə sala bilməyəcək. Mümkün ayrılıqla bağlı bütün suallara aydınlıq gətirmək üçün tanınmış menecerlərdən Erkin İbrahimovla əlaqə saxladıq.

- İndi hər kəs özünü Juninyonun “Sevilya”ya keçidi xəbərinə hazırlayır. Bu transfer “Qarabağ”ın Avropa Liqasındakı son iki oyununa -"Olimpiakos” və FKSB ilə qarşılaşmalara necə təsir edəcək?
- Belə baxanda, “Qarabağ”ın Avropa Liqasında pley-off şansı yoxdu. Juninyo oldu, ya olmadı - fərq etmir. Onun əvəzində Nəriman Axundzadə oynasın. Hər bir halda itkidi. Oyun, nəticə baxımından itkidi. Ancaq pley-offa adlamaq şansı yoxdusa, Juninyo ilə və ya onsuz qrupda qalmağımızın fərqi yoxdu. Əlbəttə, “Qarabağ”da boşluq yaranacaq. Sadəcə, qlobal baxımdan heçnə dəyişməyəcək.

- Braziliyalının gedişi “Qarabağ”ı zəiflədə bilərmi?
- Onsuz da “Qarabağ” Azərbaycanda Juninyo ilə də çempion olacaq, Juninyosuz da. Avropada da həmçinin. Amma ayrı-ayrı oyunlarda çox hiss olunacaq. Ümumi nəticəyə isə böyük təsiri yoxdu. “Qarabağ” tək Juninyonu yox, 11 əsas heyət üzvünü meydandan çıxarıb ikinci heyətlə də çempion olar. Necə ki, ikinci heyətlə “Sabah”ı, “Neftçi”ni udur. Bunu hamı görür. Ehtiyatda qalanları, bir neçə nəfəri də əvəzedicilərdən götürsələr, yenə udacaqlar.

- Bəs “Qarabağ” Juninyonun yerini o səviyyədə mərkəz hücumçusu ilə doldura biləcəkmi?
- Juninyo özü Portuqaliyanın ortabab komandasından (2021-23 aralığında 81 oyun keçirib, 13 qol vurduğu “Şaveş”dən – red.) gəlib. Onda çox adam onu tanımırdı. Heç ulduz statusunda da deyildi. Eləcə də Kadi, Romao olsun. Gözləyirəm ki, Juninyonun yerinə ad-sanı olmayan, ancaq fayda verəcək futbolçu gətirilsin. Çünki “Qarabağ” artıq hamımızı buna öyrəşdirib.

- Ötən mövsüm olduqca uğurlu nəticələrdən sonra əsas heyət qorunsa da, güclü transfer görə bilmədik. İndi braziliyalının gedişi “Qarabağ”a fayda verəcək, yoxsa ziyan?
- Juninyonun transferi müəyyən mənada kömək edəcək. Çünki futbolçular  da görür ki, bir futbolçu “Qarabağ”dan “Sevilya”ya keçirsə, sabah bu yol onları da gözləyə bilər. Bəlkə də əvvəllər hansısa futbolçu “Qarabağ”a gəlmirdi. Yəni razılıq vermirdisə, bundan sonra razılıq verəcək. Bu həyatdı, futbolçu gəlir-gedir. Heyəti maksimum bir-iki il qorumaq olar. Onsuz da “Sevilya” kimi klublar “elçi düşəndə” futbolçunu saxlamaq qeyri-mümkündü.  İndi “Qarabağ”ın kifayət qədər vaxtı da var. Yay transferinə hazırlaşmaq olar. Məncə, “Qarabağ” tələsmədən, rahat seçim edə bilər.

- Hazırda “Qarabağ”ın “Astana”nın vingeri Usman Kamara ilə maraqlanması ilə bağlı iddialar var. Bu futbolçu ilə bağlı fikirləriniz?
- Açığı, bu futbolçunu görmüşəm. Bu xəbərə isə inanmıram. Bilirsiz, çox vaxt Azərbaycandan hansısa agentə və ya futbolçuya zəng vuranda yalan deyirlər. Məsələn, maraqlanan “Şamaxı”dı, amma deyir ki, “Qarabağ” məni istəyir. Təcrübəmdə dəfələrlə belə hallarla rastlaşmışam. Şəxsən mənim özümə bir neçə futbolçu yazıb ki, dostum, məni “Qarabağ” istəyir. Sonra araşdıranda məlum olur ki, heç “Qarabağ”ın xəbəri yoxdu, kimlərinsə oyunudu.  Düzdü, hər şey ola bilər. Amma fikrimcə, bu transfer real deyil.

- Juninyonun birbaşa “böyük beşlik” ölkəsinə keçidi “Qarabağ”a başqa hansı faydanı verəcək?
- Bundan sonra futbolçuları Azərbaycana gətirmək ikiqat asan olacaq. Sırf maliyyədən başqa əsas məqam da budu. Ən azı futbolçular da görür ki, “Qarabağ”dan nəinki “Krasnadar”a, elə “Sevilya” kimi komandaya da getmək olar. Bu transferin Azərbaycana faydası bu şəkildədi. Ölkəmizə gəlməyə tərəddüd edən futbolçular bundan sonra rahatlıqla gələcəklər.

RÖYANƏ OĞUZ

Seçilən
65
50
football-plus.az

10Mənbələr