AZ

Eka Sepaşvili: Bəzi beynəlxalq tərəfdaşlar Gürcüstana qarşı ikili standartları rəhbər tuturlar

Tbilisi, 7 yanvar, AZƏRTAC

“Bəzi beynəlxalq tərəfdaşlar ikili standartları rəhbər tutur, Gürcüstandakı etirazları “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyanın deputatı Eka Sepaşvili sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, etiraz dalğası noyabrın 28-də, hakimiyyətin Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarından dərhal sonra başlayıb.

Deputat xatırladıb ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər və Qərb “demokratiyadan geri çəkilməsinə” görə Gürcüstana qarşı məhdudiyyətlər tətbiq etməkdə davam edir.

“Gürcüstanla bağlı ikili standartlar tətbiq edilir. Bəzi beynəlxalq tərəfdaşlarımız Almaniyadakı etirazları “zorakı”, Gürcüstandakı zorakı etirazları isə “dinc” adlandırır, etirazçıların polisə qarşı zorakılığına göz yumurlar” – deyə, Sepaşvili vurğulayıb.

Deputat hesab edir ki, belə münasibət inam və ədalətə xələl gətirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
35
1
azertag.az

2Mənbələr