AZ

Qış gəldi, “səssiz qatil” can almağa başladı – Ölümdən qurtulmağın yolları bu yazıda!

Hər il onlarla insan dəm qazı təhlükəsi ilə üzləşir, ağır şəkildə zəhərlənir, xəstəxanalıq olur. Bir çox hallarda dəm qazından zəhərlənənləri ölümün pəncəsindən almaqda həkimlər də aciz qalır. Dəm qazına “gözə görünməz qatil” deyirlər, çünki onun rəngi və qoxusu yoxdur.

Azərbaycanda ən son dəm qazından zəhərlənmə Sumqayıt şəhərində qeydə alınıb. 1 ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Hadisə Kimyaçılar yaşayış massivində qeydə alınıb. Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Həkim Vahid Məmmədov Musavat.com-a deyib ki, dəm qazından zəhərlənmiş şəxsi ilk növbədə otaqdan çıxarmaq və havası təmiz olan məkana aparmaq vacibdir. Bundan sonra qapını, pəncərəni açaraq otağı havalandırmaq lazımdır:

“Xəstənin tənəffüsün normallaşması üçün dilini çölə çıxarmaq, ağız boşluğunu təmizləmək lazımdır. Bu ona görə edilir ki, xəstə boğulma nəticəsində həyatını itirməsin. Baş vermiş zəhərlənmə ilə bağlı dərhal həkim çağırmaq vacibdir. Mümkündür ki, dəm qazından zəhərlənən xəstə ilk yardımdan sonra özünə gəlsin. Lakin zəhərlənmə orqanizmdə qalıb qandan toxumaya, hüceyrə səviyyəsinə keçə bilər. Bu isə nevroloji ağırlaşmalara gətirib çıxarır. Bu baxımdan dəm qazından zəhərlənən xəstə həkim tərəfindən mütləq müayinə olunmalıdır”.

Həkimin sözlərinə görə, ağır zəhərlənmə zamanı beyin hüceyrələri məhv ola bilər. Bu, zəhərlənmənin dozasından asılıdır:

“Zəhərlənmə dəm qazının qana keçərək oksigen əvəzinə hemoqlobinlə birləşməsi və zəhərləyici maddə əmələ gətirməsi nəticəsində baş verir. Nəticədə orqanizmdə, xüsusilə də ürək və beyin kimi həssas orqanlarda oksigen çatışmazlığı yaranır. Dəm qazı günlər sonra da ağır fəsadlaşmalara səbəb ola bilər. Xəstənin hətta iflic olmaq, yaddaşını və ya görməsini itirmək təhlükəsi də var”.

Necə edək ki, dəm qazından zəhərlənməyək?

Mütəxəssislər dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün ilk növbədə detektorlardan istifadəni tövsiyə edirlər. Azərbaycanda dəm qazı detektorları qaz sayğacları quradırılarkən ev, mənzil sahibinə təhvil verilir. Detektorlar təhvil alınsa da, bir qayda olaraq quraşdırılmır. Bunun müxtəlif səbəbləri var. Vətəndaşlar detektorları quraşdırmaqla əlaqəli texniki məsələləri həll etməkdə çətinlik çəkirlər. Usta çağırıb quraşdırmaq üçün isə pul xərcləmək istəmirlər. İnternet mağazalarda texniki həll baxımından daha uyğun, 15-20 manata satılan dəm qazı detektorları var. Belə detektorların quraşdırılması olduqca asandır. Qiyməti ucuz, quraşdırılması asan bu qurğular “səssiz ölüm”ün qarşısına etibarlı sədd çəkmək iqtidarındadır.

Dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Belə cihazlardan imtina edib kombi sisteminə keçid də dəm qazından zəhərlənmə riskini önləyir.

Qazdan istifadə zamanı əhalinin əsasən yol verdiyi səhvlər bunlardır:

- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, bu zaman duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir;

- yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması;

- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

- sobada və borularda çatların və nasazlıqların olması.

Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Məhz bu səbəbdən də zəhərlənmə sezdirilmədən və tez bir zamanda baş verir, xilas üçün atılacaq hər hansı bir addıma zaman qalmır. Qapalı şəraitdə daha da təhlükəli olur. Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən ən azı 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

Tüstü bacası normal işləmədikdə, təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki, əksər hallarda hotel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə selsiyə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.

Təhlükəli məqamlardan biri də odur ki, dəm qazı ilə zəhərlənən insan əksər hallarda öz-özünə kömək edə bilmir.

Mütəxəssislər xəbərdarlıq edir - tüstü borusu olmayan sobaları almayın!

Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

- Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!

- Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!

- Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!

- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!

- Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!

- Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!

- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir! Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!

- Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və s. suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər! İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!

Mütəxəssislər deyirlər ki, dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlamazdan əvvəl sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılmalıdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
31
1
musavat.com

2Mənbələr