"Rusiya təkzibedilməz faktları gec-tez etiraf edəcək və etməlidir. Komissiya qəza ilə bağlı ilkin rəyini verəndən sonra araşdırma aparılır və Azərbaycan Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi qaldırıb. Bu hadisəyə görə Rusiyanın aidiyyatı şəxsləri cavab verməli, günahkarlar cəzalandırılmalı, zərərçəkmişlərə təzminat ödənilməlidir".
Bunu hafta.az-a siyasi-hərbi ekspert Emin Həsənli bildirib.
Ekspert hesab edir ki, Rusiya Azərbaycanla müttəfiqliyinə uyğun addım atmalıdır.
“Artıq təkzibedilməz faktlar var ki, təyyarəmiz Rusiya hərbi hava qüvvələri tərəfindən vurulub. Təyyarənin hansı raketlə, hansı saatda vurulduğu, kimlərin həmin vaxtda növbədə olduğu məlumdur. Suallar çoxdur: niyə təyyarə məhz Qroznıya, Mahaçkalaya yox, Xəzər dənizinin üzərindən Aktauya göndərilib. “Qara qutu”nun oxunması yekunlaşıb, bütün proseslər aydınlaşandan sonra bütün suallara tam cavab veriləcək”.
E.Həsənli qeyd edib ki, Prezident İlham Əliyevin məsələ ilə bağlı mövqeyi bir daha onu göstərdi ki, Azərbaycanda hər bir vətəndaş dövlət üçün qiymətlidir.
“Prezidentin ilk gündən məsələyə xüsusilə diqqət ayırması, həm dəfn mərasimində iştirak edib, həlak olanların, zərərçəkənlərin ailə üzvləri ilə görüşməsi, mütəmadi olaraq bununa bağlı cəmiyyətə dediyi fikirlər göstərir ki, ölkə başçısı dövlətin milli maraqlarına və hər vətəndaşının sağlamlığına xüsusi önəm verir. Hadisənin dünyanın hansı dövləti tərəfindən törədilməsinə baxmayaraq beynəlxalq hüquq normalarına əsasən cavab verməli və lazımi addımları atmalıdır”.