Suriya rəhbərliyi elektrik enerjisi təmin etmək üçün Türkiyə və Qətərdən üzən elektrik stansiyası alacaqlarını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyə enerji qıtlığı yaşayan Suriyaya üzən elektrik stansiyası göndərəcək.
Bu barədə Suriya administrasiyası məlumat yayıb.
Suriyanın rəsmi xəbər agentliyi “SANA”-nın məlumatına görə, yeni administrasiya vətəndaş müharibəsi zamanı köhnəlmiş enerji infrastrukturunu gücləndirmək üçün Türkiyə və Qətərdən iki enerji gəmisi alacaq.
Ölkənin elektrik idarəsindən verilən açıqlamada iki gəminin ümumi gücü 800 meqavat olacağı bildirilib.
Lakin açıqlamada üzən elektrik stansiyalarının Suriyaya nə vaxt çatacağı, orada nə qədər qalacaqları və maliyyə şərtləri ilə bağlı təfərrüatlar yer almayıb.
Bəyanatda devrilmiş lider Bəşər Əsədin dövründə enerji istehsalı və ötürülməsi infrastrukturuna ciddi ziyan vurulduğu və təmir işlərinə başlanılacağı qeyd edilib.
ABŞ bazar ertəsi Suriyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirən bəzi qərarlar açıqlayıb. İstisna qərarı iyulun 7-dək Suriya ilə enerji ticarətinə icazə verir.
Suriyanın bir çox bölgəsində elektrik enerjisi gündə cəmi iki-üç saat verilir.
Yeni rəhbərlik qarşıdakı iki ayda bu vaxtı səkkiz saata çatdırmağı hədəfləyir.