Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.
Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında deyilir ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a bildirib ki, separatçıların ibtidai istintaqı tam, hər tərəfli və qanunun aliliyi rəhbər tutulmaqla həyata keçirilib:
"Cinayət təqibi orqanlarının bütün addımları cinayətin əlamətlərini özündə əks edən əməllərin cinayət olub-olmadığını və bu şəxslərin həmin əməllərə görə təqsirli olub-olmadığını müəyyən etməyə yönəlib. Ruben Vardanyanın cinayət təqibinə gəlincə isə cinayət işi üzrə ittiham aktı artıq məhkəməyə göndərilib və hazırlıq iclasının vaxtı təyib edilib. Məhkəmə ibtidai istintaqın cinayət təqibi üzrə gəldiyi qənaəti araşdıracaq. Eyni zamanda məhkəmə istintaqı həyata keçiriləcək. Yalnız bundan sonra həmin şəxslərin əməllərinə hüquqi qiymət vermək mümkündür. Bu mənada, separatçılara hansı cəzaların təyin olunacağını yalnız və yalnız məhkəmə müəyyən edə bilər. Bu barədə öncədən hansısa praqnozların verilməsi qeyri-peşəkar yanaşma və şəxslərlə bağlı ittiham aktında Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə konkret ittihamlar mövcuddur. Məhkəmə istintaqı zamanı ittiham maddələrinin sırası genişlənə, yaxud azala bilər, bu mənada məhkəmənin yekun hökmünü gözləmək lazımdır. Nəzərə alaq ki, bu şəxslər uzun illər ərzində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı çoxsaylı cinayətlər törətməkdə ittiham olunur. Onlar barəsində çoxsaylı faktlar üzrə təkzibedilməz sübutlar toplanıb. Bu miqyasda çoxcildlik cinayət işinin tam, hərtərəfli, obyektiv, qərəzsiz və hüququn aliliyini rəhbər tutmaqla araşdırılması üçün isə zaman lazım olub".
Deputat əlavə edib ki, indiki məqamda bizim əsas foksumuz cinayət işi üzrə məhkəmə prosesinə yönəlməlidir:
"Bu proses birmənalı şəkildə Azərbaycan Respublikasının özünün və vətəndaşlarının mənafelərini qoruması, dövlətimizin öz gücü hesabına ədaləti bərqərar etməsi, ölkəmizin şər bloku üzərində müstəsna qələbəsi hesab edilməlidir. Separatçıların ədalət mühakiməsinə cəlb edilməsi göstərir ki, Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq və cənab İlham Əliyevin ifadə etdiyi kimi, "milli maraqlarımız bütün müstəvilərdə ən ali formada qorunacaq"".