“Bloomberg Markets Live Pulse”-un məlumatında bildirilib ki, 2025-ci il dollar və ABŞ səhmlərinin ili olacaq. Sözügedən proqnoza görə, bu il dollarla bağlı hansı yeniliklər ola bilər?
Bu və ya digər suallarla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlama verib. Natiq Cəfərli bildirib ki, Amerika qiymətli kağızlarının artması və ya dolların möhkəmlənməsi kimi proqnozlar daha çox Donald Trampın iqtisadi siyasətinə bağlıdır. Çünki, Donald Tramp seçkiqabağı kompaniyada prezident olacağı təqdirdə sahibkarlar üçün vergiləri azaldacağını və yeni iqtisadi konsepsiyanı təqdim edəcəyini söyləmişdi.
Natiq Cəfərli onu da qeyd edib ki, həmçinin Avropa Mərkəzi bankı və digər mərkəzi banklar uçot dərəcəsini daha tez aşağı çəkirlər. Lakin federal rezerv sistemi isə Amerika Birləşmiş Ştatlarında daha aşağı templə uçot dərəcəsini aşağı çəkməkdədir. Bu da dolların güclənməsinə səbəb olur.
Ekspert hesab edir ki, bu kimi ehtimallar və proqnozlar Trampın yeni iqtisadi siyasət konsepsiyası ilə bağlıdır. Eyni zamanda da yerinə yetirilməsi ehtimalı da kifayət qədər yüksəkdir.
"Əgər 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında korporativ vergilər təqribən 10 faiz aşağı salınacaqsa bu proses iqtisadiyyatda yeni müsbət dinamika yarada bilər", deyə ekspert əlavə edib.