Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini bir ilə yaxındır ki, dayandırmaq məcburiyyətində qalan Azərbaycan parlamentinin nümayəndə heyəti "hazırki şəraitdə" bu qurumla əlaqələri bərpa etməyi düşünmür, deputat Səməd Seyidov deyib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində bu qurumu "hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe" sərgiləməkdə" ittiham edib.
Ötən ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib, buna qarşılıq olaraq, nümayəndə heyəti də bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib.
"Avropa Şurasının daimi komitəsinin iclasının gündəliyinə baxdıqda, görürük ki, Azərbaycan orada olmadığı halda, yenə ittihamlar, yenə böhtanlar, yenə də ağlasığmaz bəyanatlar gündəmə gəlir. Biz də konkret olaraq demişik ki, bunlar bu siyasətdən əl çəkməlidirlər", - Seyidov qeyd edib.
Onun sözlərinə görə, bu, "normal dialoq və kommunikasiya" üçün önəmli şərtlərdəndir.
AŞPA-nın noyabr-dekabr aylarında keçirilmiş sessiyalarında Azərbaycanda insan haqlarının pozulması və Rüfət Səfərov, Anar Məmmədli kimi hüquq müdafiəçilərinin həbsi, eləcə də müstəqil jurnalistlərə qarşı "repressiyaların artmasına" dair müzakirələr aparılıb, qurumun rəsmi saytında məlumat verilib.
Milli Məclisin üzvü Səməd Seyidov hesab edir ki, öz daxilində "böhran yaşayan" bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz.
"Avropa Şurasının Baş katibi COP29 zamanı Azərbaycanda idi və onu hətta cənab Prezident İlham Əliyev də qəbul elədi. Bizim əlaqələrimiz haqqında, danışıqlar haqqında, konkret qarşılıqlı layihələr haqqında söhbət aparıldığı halda, Avropa Şurasının Parlament Assambleyası tamamilə bu ab-havaya, bu söhbətlərə, bu fikirlərə zidd olaraq bəyanatlar qəbul edir, müzakirələr təşkil edir, Azərbaycanı ittiham edir", - Səməd Seyidov qeyd edib.
Onun fikrincə, təşkilatın bir qolu, həmin təşkilatın başqa qolunun nə etdiyindən xəbərsizdir. Parlament üzvü bunun təşkilat daxilindəki "böhran"ın göstəricisi olduğu qənaətindədir.
Azərbaycan-AŞPA münasibətləri necə pozuldu?
Şəklin mənbəyi, Azərtac