Məktəbli qız uşağına zorakılıq etdiyinə görə 2023-cü ildə vəzifəsindən çıxarılan Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülüb.
Xəbəri "azfakt.com" yayıb.
Bildirilir ki, Rəsilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə "Əliyev” soyadından imtina edərək rəsmi Rəsilə Arifqızı olub.
Məlumata görə, Rəsilə Arifqızının Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlıdır.
İnternet resurslarında Rəsilə Əliyeva adlı şəxsi axtarışa verdikdə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı çoxsaylı xəbərlər üzə çıxır.
Müvafiq qurumlardan vəzifə tələb edən R.Əliyevaya media resurslarında imici ilə bağlı neqativ xəbərlərin çox olması irad tutulub.
Bundan sonra Rəsilə Əliyevanın özünə rəsmi olaraq yeni soyad götürdüyü bildirilir.
Rəsilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.
R.Əliyeva bir müddət Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun diqqətini çəkib və onu özünə müavin təyin edib.
Rəsilə Əliyeva bir neçə il öncə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib. Həmçinin o Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.