Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Azərbaycanın yaxın tarixində baş verən müharibə cinayətlərini xatırladıb və bu cinayətlərin cəzasız qalmasının yolverilməz olduğunu vurğulayıb. QHT.az xəbər verir ki, o, 1988-1994-cü illər ərzində Azərbaycan xalqına qarşı həyata keçirilən bir sıra ağır cinayətləri sadalayıb:
- Ermənistan ərazisindən (Qərbi Azərbaycan) azərbaycanlı əhalinin zorakı deportasiyası – insanlıq əleyhinə cinayət;
- İşğal olunmuş ərazilərdən əhalinin zorakı deportasiyası – insanlıq əleyhinə cinayət;
- Mülki əhalinin girov götürülməsi, zorakılıqlara məruz qalması, ləyaqətlərinin alçaldılması, hətta uşaqların orqanlarının çıxarılaraq satılması – hərbi cinayət;
- Əsirlərin işgəncələrə məruz qalması və kütləvi məhvi – hərbi cinayət;
- Xocalıya qədər, Xocalı və ondan sonrakı dövrlərdə etnik təmizləmə məqsədi ilə həyata keçirilən kütləvi qətllər – soyqırım cinayəti;
- Azərbaycan xalqına məxsus mədəni irsin, mülki obyektlərin və infrastrukturun məhv edilməsi – hərbi cinayət;
- Ətraf mühitin, flora və faunanın məqsədli məhv edilməsi – hərbi cinayət;
- Təmas xətti ətrafında yaşayan əhalinin sudan məhrum edilməsi – hərbi cinayət.
Sahib Məmmədov bu cinayətlərə görə Ermənistanın o zamankı ali rəhbəri Levon Ter-Petrosyanı birbaşa məsuliyyət daşıyan şəxs kimi göstərib. Onun fikrincə, Ter-Petrosyan həm ali baş komandan, həm də siyasi rəhbər olaraq bu cinayətlərə görə cavab verməlidir. Hüquqşünas əlavə edib ki, bu cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Statutu qüvvəyə minməzdən əvvəl törədilsə də, müharibə cinayətlərinə müddət tətbiq edilmir. Buna görə də, Ermənistanın daxili məhkəmələrində və ya Azərbaycanın hüquqi müstəvisində bu cinayətlərin araşdırılması və mühakimə prosesi həyata keçirilə bilər.
Sahib Məmmədovun fikrincə, məsələ beynəlxalq səviyyədə də diqqətə çatdırılmalı və bu istiqamətdə işlər görülməlidir.
Pərvanə Fərhadqızı
QHT.az