AZ

“Əlilliyi olan şəxslərin inkişafı üçün erkən müdaxilə önəmlidir” – QHT sədri ilə MÜSAHİBƏ

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial, təhsil və peşə sahəsində inkişafı üçün yaradılan innovativ mərkəzlər, həm xidmət çeşidləri, həm də inkluziv yanaşmaları ilə diqqət çəkir. Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov QHT.az-a müsahibəsində yeni yaradılan "Karlson" Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzinin məqsəd və fəaliyyətləri haqqında ətraflı məlumat verib.

 

QHT.az: Yeni yaradılan “Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzi hansı məqsədlə yaradılıb?

Aydın Xəlilov: Bu gün cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkən və müxtəlif sahələrdə inkişafı zəif olan şəxslər üçün erkən müdaxilə çox vacibdir. Bu səbəbdən biz 3 yaşdan etibarən uşaqlara psixososial reabilitasiya xidmətləri təklif edirik. Məqsədimiz uşaqların bilik və bacarıqlarını dəyərləndirərək onları gələcəkdə cəmiyyətə tam inteqrasiya olunmuş peşəkarlar kimi yetişdirməkdir. Mərkəz əsasən erkən yaşlarından uşaqlara psixososial reabilitasiya və fərdi inkişaf xidmətləri təklif edir.

 

QHT.az: Bu mərkəz digər oxşar mərkəzlərdən nə ilə fərqlənir?

Aydın Xəlilov: Əsas fərqimiz inkluziv yanaşma və sosial sahibkarlıq modelinin tətbiq edilməsidir. Biz əlilliyi olan şəxslərə pulsuz xidmətlər təqdim edirik, sağlam şəxslərə isə pullu xidmətlər göstəririk. Bu yanaşma mərkəzin maliyyə dayanıqlığını təmin edir və xidmətlərimizi daha geniş auditoriyaya çatdırmağa imkan yaradır.

 

QHT.az: Əlilliyi olan şəxslər üçün hansı xüsusi xidmətlər təqdim ediləcək?

Aydın Xəlilov: Xidmətlərimiz çoxşaxəlidir: psixososial reabilitasiya, təhsil dəstəyi, fərdi inkişaf proqramları, ailədaxili münasibətlərin tənzimlənməsi və s. Bununla yanaşı, inkluziv təhsil və məşğulluq sahəsində də xüsusi layihələr həyata keçiririk. Məqsədimiz bu şəxslərin gələcəkdə peşəkar olaraq formalaşmasına dəstək olmaqdır.

 

QHT.az: Gələcəkdə mərkəz hansı qurumlarla əməkdaşlıq edəcək?

Aydın Xəlilov: Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Məşğulluq Agentliyi və peşə hazırlığı mərkəzləri ilə əməkdaşlıq edirik. Biz artıq bir sıra qurumlarla razılaşmalar əldə etmişik. Əsas hədəfimiz, əlilliyi olan şəxslərin işlə təmin olunması və onların cəmiyyətə inteqrasiyasıdır.

 

QHT.az: Mərkəzə müraciət edən uşaqlar hansı yaş qrupuna aid olmalıdır?

Aydın Xəlilov: Mərkəzimizə 3 yaşdan etibarən müraciət etmək mümkündür. Erkən müdaxilə proqramları çərçivəsində uşaqların bacarıqları qiymətləndirilir və fərdi inkişaf proqramları hazırlanır. Bu, onların gələcəkdə daha rahat cəmiyyətə inteqrasiya olunmalarını təmin edir.

 

QHT.az: Bu cür layihələrin cəmiyyətə təsiri nədən ibarət olacaq?

Aydın Xəlilov: Bu layihələr, cəmiyyətin ən həssas üzvlərinə dəstək olmaqla yanaşı, onların potensialını maksimum səviyyədə reallaşdırmağa kömək edir. Əlilliyi olan şəxslər cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilərək həm özləri, həm də cəmiyyət üçün faydalı olacaqlar.

 

QHT.az: Təşəkkür edirik, Aydın müəllim. Uğurlar arzu edirik!

Aydın Xəlilov: Çox sağ olun! Belə təşəbbüslərin işıqlandırılması bizim üçün çox önəmlidir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
29
qht.az

1Mənbələr