Xatırladaq ki, “gənclik şəhəri”nin təmsilçisi azarkeş qrupuna lazımi fəaliyyətlərdə, daha dəqiqi, bilet və nəqliyyatın təşkilində yardım etməkdən boyun qaçırıb. Klub iddia edir ki, buna səbəb həmin tərəfdarların mətbuata açıqlamasında “kimyaçılar”dan hansısa maliyyə dəstəyi almadıqlarını deməsidi. Hər halda, fanklub bu iddiayla razılaşmır. Hətta onlar rəsmi “instaqram” səhifələrində yaydığı bəyanatda komandanın oyunlarında iştirak edib-etməyəcəkləri haqda qərar qəbul edəcəklərini bildiriblər.
Bəs “UltraSumqayıt”ı mövsümün ikinci yarısında tribunalarda görəcəyikmi? “Football-plus.az”ın sualını sözügedən azarkeş qrupunun rəhbəri Qüdrət Allahverdiyev cavabladı:
“Böyük ehtimalla, tribunada qalmağa davam edəcəyik. Bunu sırf şəxsi vəsaitimiz hesabına bacarmaq niyyətindəyik. Qeyd etdiyiniz məsələlərdən sonra klubla hansısa danışıq aparmamışıq. Komandanın 19-cı turda evdə “Səbail”i qəbul edəcəyi matçdan etibarən stadionlarda olacağıq”.
Qeyd edək ki, “kimyaçılar” “dənizçilər”lə yanvarın 18-də qarşılaşacaq.
KƏNAN BAHADIR