AZ

Bura milyonlarla köçəri quşun məskənidir...

Milli parklar təbiəti mühafizə, maarifçilik, elmi, mədəni məqsədlər üçün istifadə edilən təşkilat statusuna malik ərazilərdir.  
Şahdağ Milli Parkı barədə söhbət açmışdıq. Bu dəfə isə xəyalən ölkəmizin cənubuna səyahət edərək hörmətli oxuculara Qızılağac Milli Parkı barədə məlumat vermək istəyirik. 
Xəzər dənizi sahilində yerləşən Qızılağac Milli Parkının (QMP) sahəsi təxminən 99 min  hektardır. Park Xəzər dənizinin qərb sahilləri boyunca köç edən quşların istirahət etmələri, eləcə də yenidən uzunməsafəli yola çıxmaq üçün doyunca qidalanmarı məqsədilə yaradılıb. 
Buranın unikal landşaftı, dayaz su hövzələri, qamışlıqları və bataqlıqları əsasən oktyabr – may aylarında milyonlarla quşun məskəninə çevrilir. Bu qeyri-adi mənzərəni görənlər heyrətlərini gizlədə bilmirlər. İl boyu burada fərqli quşlara rast gəlmək olar. Burada o qədər rəngarəng quşlar var ki...
Quş müşahidəçiləri yazda və payızda parkda daha çox Sarıbaş çaydaçapana, Lil cüllütünə, Boz səsyamsılıyana, Çöl belibağlısına, Çöl qartalına, Ərsindimdiyə və sair quşlara rast gələ bilərlər. Qışda isə qarşınıza daha çox Kiçik qarabatdaq, Qıvrımlələk qutan, Güləyən qağayı, Ağqaş qaz, Göydimdik ördək və başqa quşlar çıxacaq. 
Quşlar sayca qış mövsümündə çox olsa da, yaz və payızda daha çox növdə quşları müşahidə etmək olar. Oktyabrdan maya qədər olan dövr müşahidələr üçün daha uyğundur. Noyabr-mart aylarında çox sayda vəhşi quşları, həmçinin Mərkəzi Asiyadan qışlamaq üçün gələn nadir quş növlərini seyr etmək mümkündür. İyul–avqust aylarında havanın isti olması ilə laqunlarda minlərlə quş görmək olar.
Qeyd etmək lazımdır ki, QMP 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın suətrafı və suda üzən quşların məskunlaşması üzrə beynəlxalq əhəmiyyətli qoruq siyahısına  daxil edilib.
Parkın ən yaxşı quş müşahidə nöqtələri parkdan bir qədər aralıda – cənuba, laqun tərəfdən yarımadaya tərəf gedən yolun üstündədir. Ərazidə mövcud flora və fauna ilə yaxından tanış olmaq üçün öncədən müəyyən hazırlıqların görülməsi lazımdır və tur bələdçisinin müşayiəti ilə Turizm İnformasiya Mərkəzinə müraciət etmək olar.
QMP-də turistlərin qalması və qidalanması üçün də hər cür şərait yaradılıb. Yaxınlıqdakı Masallı və Lənkəran şəhərlərində çox sayda otel var. 
Xatırladaq ki, Azərbaycan Respublikasında milli parkların yaradılması ilə bağlı ilk təşəbbüs akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə  davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Qızılağac Milli Parkı yaradılmışdır. Hazırda Azərbaycanda ölkə ərazisinin 4,87 faiz təşkil edən 10 milli park fəaliyyət göstərir. 

M.HACIXANLI 
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr