AZ

Suriyanı nə gözləyir: sabitlik, yoxsa xaos

Ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin süqutu Qərbin siyasi dairələri, eləcə də mediası üçün şok effekti yaratdı. Cəmi 11 gün ərzində üsyançıların xalqına ağlasığmaz zülmlər edən diktaturanı bir həmlə ilə devirməsi, həqiqətən, gözlənilməz idi. 
Ortaya belə bir sual çıxdı ki, bu olaylar hansı “görünməz əl”in ssenarisi üzrə baş verir? Əslində, hər şey göz qabağında olduğu üçün cavab da aydın idi: Əsəd rejiminin tarix səhnəsindən bir kənara atılmasında 4 milyon suriyalı qaçqına qucaq açan qardaş Türkiyənin böyük rolu olubdur. 
Suriya istibdadını yenən, ilk növbədə, qəhrəman Suriya xalqı idi. O, diktaturanın buxovlarını dağıdıb parçalamaqla sivil, demokratik idarəçiliyə hazır və layiq olduğunu sübut etdi. Qürurverici haldır ki, suriyalılar qardaş Türkiyənin inkişaf və tərəqqi modelini özləri üçün örnək qəbul edirlər. 
Suriyadakı olaylar Yaxın Şərqdə haqq və ədalətin bərqərar olunmasına müsbət təsir göstərə bilər. Dağıdıcı və sömürücü dövlətlər isə bunu arzulamırlar. Onlara ağır gələn həm də budur ki, qardaş Türkiyə lider Rəcəb Tayyib Ərdoğan rəqiblərinə  “ustad dərsi” keçmişdir. Daha doğrusu onları mat etmişdir. 
Bu həqiqəti okeanın o tayında da yaxşı başa düşürlər. Belə ki, yanvarın 20-də Vaşinqtonda inaqurasiyası keçiriləcək Birləşmiş Ştatların sabiq 45-ci və gələcək 47-ci prezidenti Donald Tramp Suriyadakı proseslərdə Türkiyə liderinin ağlına heyran qaldığını gizlətmədi. ABŞ lideri belə yüksək epiteti hər siyasətçi üçün işlətməz. 
Bir çox Qərb dövlətləri, onların maraqlarına xidmət edən qlobal KİV Türkiyənin regionda artan rolundan narahat olur, hər vəchlə bunu gözardı etməyə çalışırlar. Üstəlik, min cür saxta ittihamlar irəli sürərək Ankaranı qaralamağa cəhd edirlər. Guya Ərdoğan Türkiyəsi keçmiş Osmanlı imperiyasını bərpa etmək niyyətinə düşüb və bu zaman hətta radikal islamçı qüvvələri açıq və gizli şəkildə dəstəkləyir. 
Bunlar hamısı ağ yalandır. Suriyanı uzun onillər əsl cəhənnəmə çevirənlərin mənfur əməlləri göz qabağındadır. Türkiyə dövləti, təbii ki, Suriyada sülh və əmin-­amanlığın yaranmasını arzulayır. Ankaranın heç bir mənfi niyyəti olmayıb və ola da bilməz. 
Qərb mediasında isə Türkiyəyə qarşı yeni qarayaxma kampaniyasına start verilib. Bu istiqamətdə “France Presse”, “Euronews”, “Reuters”, BBC kimi iri informasiya agentlikləri xüsusi canfəşanlıq edirlər. Bu günlərdə BBC Suriyada cərəyan edən ictimai-siyasi proseslər barədə geniş məqalə hazırlayıb. Yazıda əvvəlcə qeyd olunur ki, son günlər Suriyaya qayıdan qaçqınların sayı durmadan artır və artıq 106 min insan öz doğma yurd yerlərinə geri dönüb. Bununla bərabər ölkədə vəziyyət gərgin olaraq qalır. 
BBC sonra oxucuların diqqətini Suriyada son vaxtlar tədris  proqramlarında nəzərdə tutulan bır çox dəyişikliklərə yönəldir. Qərbdə belə hesab edirlər ki, məhz həmin dəyişikliklərin mahiyyətindən asılı olaraq hazırkı Suriya iqtidarının hansı strateji kurs tutduğu məlum olacaq. 
Yazıda rəsmi Dəməşq ölkənin tədris proqramlarındakı dəyişikliklərlə bağlı geniş ictimaiyyətin nümayəndələri ilə “əvvəlcədən məsləhətləşmələr aparmadığı üçün qınanır”. Bu tezis həqiqəti əks etdirmir. Suriya rəsmiləri dəfələrlə bildiriblər ki, tədris proqramlarında dəyişikliklər əhalinin arzu və təklifləri nəzərə alınaraq aparılır. Məhz bu məqsədlə Suriyada milli barışıq  və dialoq şurası yaradılıb.  
Yeri gəlmişkən, ötən həftə sonu Fransa və Almaniyanın xarici işlər nazirləri Jan Noel Barro və Annalena Berbok Dəməşqə səfər ediblər və Suriya rəsmiləri ilə görüşlər keçiriblər. Avropa İttifaqının bu iki aparıcı ölkəsinin diplomatları Suriyaya heç də xoş niyyətlə gəlməyiblər.  
Məsələn, Fransanın xarici işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, onun ölkəsi Suriyada suveren, sabit və dinc dövlətin qurulmasında maraqlıdır, amma Suriya rəsmiləri separatçı kürd təşkilatları ilə razılaşma əldə etməyə çalışmalıdırlar. Bu bəyanat faktiki olaraq kürd separatizmini dəstəkləmək deməkdir. Bu, beynəlxalq hüquqa görə, yolverilməzdir!   
Almaniyanın xarici işlər naziri A.Berbokun sözlərinə görə Berlin də öz növbəsində, Dəməşqlə sülh və hərtərəfli danışıqlara başlamaq niyyətindədir. Bunun üçün isə hazırkı Suriya rejimi “qisas hissindən uzaq durmalıdır”. Xanım Berbokdan soruşmaq lazımdır ki, söhbət hansı qisasdan gedir, məgər Suriya həbsxanalarında çürüyən on minlərlə dustağı bu ölkənin məhz yeni hakimiyyəti azad etməyibmi? 
Ağa qara demək olmaz, xanım Berbok! Suriya iqtidarı öz xalqı ilə əl-ələ verib millətin ağır yaralarını sağaltmağa çalışır. Qərb diplomatları, siz isə Suriyanı öz iradənizə tabe etmək istəyirsiniz.   
Bəli, “demokratik” Avropanın siyasi dairələri bu gün nəyin bahasına olursa-olsun, Suriyada gedən müsbət dəyişikliklərə kölgə salmağa cəhd edirlər. Onlar Suriya xalqını yenidən xaos və qarşıdurmalar uçurumuna yuvarlatmaq istəyirlər. Niyyətləri bu ölkələrin sərvətlərini talayıb daşımaqdır.   
Qərb mətbuatı arzu etdiklərini reallıq kimi təqdim etməyə cəhd edir. “France-Presse” yazır ki, bu günlərdə Əsədə sadiq zabitlər guya üsyançılara ciddi hücum ediblər. Bu qəbildən olan informasiyalar həqiqəti əks etdirmir. Ola bilər ki, sabiq hərbçilərlə hökumət qüvvələri arasında hansısa bir insident baş verib.  Amma reallıq budur ki, Əsəd ordusu çoxdan silahı yerə qoyaraq üsyançıların (oxu: xalqın-müəllif) tərəfinə keçib. 
Suriya dövləti və xalqı üçün bu gün ən böyük təhlükə terrorçu PKK və onun regiondakı uzantıları olan PYD və YPG yaraqlılarından qaynaqlanır. Onların niyyəti ölkədə xaos yaradıb əhalini qorxutmaq və Suriyanı  parçalamaqdır. Bu təxribatçı qüv­vələrin arxasında isə Fransa və digər des­truktiv dövlətlər dayanır.  
Suriya xalqı hazırda iki yol ayrıcındadır. Yarım əsrdən çox müddət ərzində ağır məhrumiyyət və məşəqqətlərə məruz qalan ölkə vətəndaşları bu gün azad, müstəqil dövlət quraraq dinc, rahat yaşamaq, qurub-yaratmaq istəyirlər. Bu, onların mənəvi və hüquqi haqqıdır. Şər qüvvələr isə min bir məkrlə Suriyanı qarışdırmağa cəhd edirlər. 
Bu gün Hamletsayağı sual meydana çıxıb. O məchul budur: Suriyanı yaxın aylar, həftələr ərzində nə gözləyir: sabitlik, yoxsa xaos? Ümid edək ki, bu dəfə qara qüvvələr haqqa, ədalətə aparan işığın, nurun önündə aciz qalacaqlar!

Məsaim ABDULLAYEV 
XQ

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr