Pekin, 8 yanvar, AZƏRTAC
Çinin şimal-qərbindəki Çinhay əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Yerli vaxtla saat 15:44-də baş verən zəlzələnin episentri Çinhay əyalətinin Qoloq Tibet muxtar prefekturasının Madoy rayonunda olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, yanvarın 7-də səhər saatlarında Çinin cənub-qərbindəki Tibet muxtar rayonunun Şiqatse şəhərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində təxminən min ev dağılıb, 126 nəfər ölüb, 188 nəfər xəsarət alıb. Hazırda axtarış-xilasetmə işləri şaxtalı hava şəraitində davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin