“Co Bayden administrasiyası qlobalistlər adlanan qlobal maliyyə sisteminin nümayəndələri tərəfindən dəstəklənən bir hakimiyyət idi. Bayden bu sistemin təmsilçisi olaraq çıxış edir və onun siyasətləri də buna uyğun şəkildə həyata keçirilirdi”.
Bu sözləri Yenicag.az-la söhbətində analitik Əli Zülfüqaroğlu deyib.
Siyasi təhlilçi ötən gün dövlət başçısı İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə yanvarın 20-si hakimiyyətə gələcək olan Donald Tramp administrasiyası ilə bağlı söylədiyi fikirlərə şərh edib.
Ə. Zülfüqaroğlunun fikrincə, Birləşmiş Ştatların daxilində qlobalistlər ilə milli dövlət tərəfdarları arasında uzun müddətdir davam edən mübarizə mövcuddur və bu münaqişə təkcə ABŞ-də deyil, habelə dünyanın müxtəlif bölgələrində də özünü göstərir:
“Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, Cənubi Qafqazdakı gərginliklər və digər oxşar hadisələr məhz qlobalistlərin yaratdığı xaosun bir hissəsidir. Bu xaosun arxasında duran əsas məqsəd, mövcud “petro-dollar” sisteminin çöküşü və yeni qlobal maliyyə sisteminin qurulmasıdır. Qlobalistlər dünya iqtisadiyyatında xaos yaradaraq dövlətləri zəiflətmək, onları maliyyə asılılığına salmaq və beləliklə, yeni maliyyə sistemini tətbiq edərək dünya hakimiyyətlərini qorumaq istəyirlər. Bu məqsədlə Federal Ehtiyat Sistemi, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Hesablaşmalar Bankı kimi qurumlar və onların törəmə təşkilatları vasitəsilə dünya iqtisadiyyatına təzyiq göstərilir. Bayden administrasiyası dövründə biz bu siyasətin daha aydın şəkildə həyata keçirildiyini, müharibələr və iqtisadi böhranların qəsdən yaradıldığını müşahidə edirik”.
Mütəxəssis əmindir ki, Tramp isə qlobalistlərə qarşı çıxan, milli dövlət maraqlarını müdafiə edən bir lider olaraq fərqli yanaşma sərgiləyir:
“Onun administrasiyası ABŞ-nin qlobal maliyyə sistemindən asılılığını azaltmağa və dövlətin maraqlarını üstün tutmağa çalışır. Trampın mövqeyi Federal Ehtiyat Sistemi və onun arxasında duran oliqarxiyaya qarşı yönəlmişdir. Bu yanaşma, ABŞ-nin yalnız istehlakçı kütlə rolunda qalmamasını, əksinə, güclü və müstəqil bir dövlət olaraq fəaliyyət göstərməsini təmin etməyi hədəfləyir. Bu baxımdan, Tramp administrasiyasının siyasəti qlobal maliyyə sisteminin dominantlığına qarşı müqavimət göstərmək və dünya nizamını milli dövlətlər üzərində qurmaq istiqamətindədir desək, yanılmarıq”.
Həmsöhbətimiz əlavə edib ki, Bayden dövründə, xüsusilə Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə yönələn siyasətlərin şahidi olduq:
“Ermənistana verilən gizli hərbi dəstək və digər siyasi təzyiqlər bunun nümunəsidir. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden eyni xəttin nümayəndələri olaraq regionda gərginliyi artıran strategiyalar həyata keçirmişlər. Gürcüstandakı hadisələr də bu xaos yaratma siyasətinin bir hissəsidir. Bayden və Makronun məqsədi bölgəni destabilizasiya edərək qlobalist maraqları təmin etməkdir. Trampın hakimiyyəti dövründə isə daha fərqli bir siyasətin şahidi ola bilərik. Trampın dünya siyasətində milli dövlətlərin mövqeyini gücləndirməyə və xaos yaratma siyasətinə qarşı durmağa çalışacağı gözlənilir. Lakin bu, Tramp üçün həm ABŞ daxilində, həm də beynəlxalq arenada ciddi çətinliklər yaradacaq. Qlobalistlər Trampın rəhbərliyini zəiflətmək və onun siyasi xəttinə mane olmaq üçün bütün imkanlardan istifadə edəcəklər. Buna baxmayaraq, Trampın yürüdəcəyi siyasətin milli dövlət anlayışını möhkəmləndirəcəyinə və dünya nizamına müsbət təsir göstərəcəyinə ümid edilir”.
“Trampın birinci prezidentliyi dövründə Qarabağ münaqişəsinə müdaxilə etməməsi və daha neytral mövqe sərgiləməsi onun qlobalistlərin təsirindən uzaq siyasət apardığını göstərir. Bu yanaşmanın davam etdirilməsi regionda sabitlik və sülh üçün yeni imkanlar yarada bilər. Nəticə etibarilə, ABŞ daxilində qlobalistlər və milli dövlət tərəfdarları arasındakı mübarizə təkcə bu ölkənin deyil, bütün dünyanın taleyinə təsir göstərməkdədir. Trampın siyasətinin uğurlu olması isə dünya nizamının milli dövlətlər əsasında formalaşmasında mühüm rol oynaya bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov