Olaylar.az xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının siyasi şurası bəyan edib.
Bəyanatda vurğulanır ki, bəzi ölkələr Gürcüstanda vəziyyəti gərginləşdirməkdə maraqlıdır və bu maraqlar Ukraynadakı hərbi əməliyyatlar bitənə qədər davam edəcək. Buna baxmayaraq, hazırkı hakimiyyət bu təhlükənin qarşısını almağa nail olub.
"Gürcüstan böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən yayınmağı bacardı. Lakin sülh uğrunda mübarizə hələ də davam edir və bu mübarizə sona qədər aparılmalıdır," - deyə bəyanatda bildirilib.
Hakimiyyət həmçinin bəzi "dərin dövlət" qurumlarının ABŞ-da hələ də təsir gücünü qoruduğunu qeyd edib. Bu qurumların ABŞ-ın xarici siyasətinə təsir göstərdiyi və dünyada vəziyyətin gərginləşməsi ilə birbaşa əlaqəli olduğu vurğulanıb.
Daha əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransadakı vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, Paris siyasi böhrandan yayınmaq üçün yeni parlament seçkiləri keçirməlidir. Papuaşvilinin fikrincə, bu addım Fransada yaranmış vəziyyətin həllinə kifayət edəcək.