AZ

İranda bir ildə 901 nəfər edam olunub

BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Türk 2024-cü ildə İranda ən azı 901 nəfərin edam edildiyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, edam edilənlər arasında zorlama, məcburi evlilik və məişət zorakılığından qorunmağa çalışan qadınlar da var.

Bildirib ki, İranda 2023-cü ildə 853 ölüm hökmü icra edilib:

“2024-cü il üçün rəqəmlər 972 nəfərin edam edildiyi 2015-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir”.

Volker Türk təkcə dekabr ayında bir həftə ərzində 40 ölüm hökmünün icra edildiyini və hər il artan edamların sayının son dərəcə narahatlıq doğurduğunu bildirib.

BMT olaraq edam cəzasını qəti şəkildə rədd etdiklərini vurğulayan Türk, "Ölüm cəzası əsas hüquq olan yaşamaq hüququ ilə uyğun gəlmir və günahsız insanların edam edilməsi kimi qəbuledilməz risklər gətirir" deyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranı artan edamları dayandırmağa və uzunmüddətli perspektivdə ölüm hökmünü ləğv etməyə çağırıb.

BMT-nin məlumatlarına görə, 2024-cü ildə ən çox edamlar narkotiklə əlaqəli cinayətlərə görə olub.

2022-ci ildə hicab qaydalarına əməl etmədiyi üçün saxlandıqdan sonra aparıldığı xəstəxanada dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı etiraz aksiyalarında iştirak edənlərə və rejim əleyhdarlarına da ölüm hökmü çıxarılıb.

Qeyd olunur ki, ötən il edam edilən qadınların sayı artıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ötən il 31 qadının edam edildiyini, o cümlədən məcburi nikahdan və ya evlilik zorakılığından qorunmağa çalışan qadınların olduğunu bildirib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Liz Throssel, qadın edamlarında son 15 ildə ən yüksək rəqəmlərə çatdığını bildirərək, "İşlərin əksəriyyəti qətl cinayəti ilə bağlıdır. Cinayətdən edam edilən qadınların əhəmiyyətli bir hissəsi məişət zorakılığı, erkən nikah və ya məcburi nikah qurbanlarıdır”deyib. 

Throssel qeyd edib ki, cinayətə görə edam edilən qadınlardan biri qızına təcavüz etməyə cəhd edən ərini öldürməkdə təqsirli bilinib.

İran qanunları qətl, narkotik alveri, zorlama və cinsi istismar kimi cinayətlərə görə ölüm cəzasını nəzərdə tutur. 

İnsan haqları təşkilatları Ayətullah Əli Xameneyinin rəhbərlik etdiyi rejimi 2022-ci ildə kütləvi nümayişlərdən sonra ictimaiyyəti qorxutmaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham edir.

Seçilən
24
cebheinfo.az

1Mənbələr