1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son günlər Azərbaycanda Ukraynadan gətirilən ətlərin satışa çıxarılması diqqət mərkəzinə düşüb.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, ətin qiymətinin cəmi 11 manat olması isə bu məsələni daha da aktuallaşdırıb.
Bəzi insanlar bu ətləri əlçatan qiymətinə görə müsbət qarşılasa da, digərləri məhsulun keyfiyyəti, saxlanma və daşınma şərtləri ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Ukraynadan gətirilən ətlərin Azərbaycan bazarında satışının geniş yayılması, sosial şəbəkədə həm yerli istehsalçılar, həm də istehlakçılar arasında müxtəlif müzakirələrə səbəb olub. Müzakirələr zamanı müharibə şəraitində olan bir ölkənin ət məhsullarını necə ixrac etməsi və Ukraynadan Azərbaycana gətirilən ətlərin keyfiyyətinin bütün standartlara cavab verib-verməməsi əsas mövzuya çevrilib.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, agentlik tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:
"Bildiririk ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə müvafiq sənəd verilir və dövriyyəyə buraxılır.
Belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər".