AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, Fransa Prezidenti Gürcüstandaki seçkilərə Rusiyanın müdaxilə etdiyini bildirib və seçki qutularına bülletenlərin atıldığını söyləyib.
Makron buna görə Rusiyanı da ittiham edib: \"Son illərdə Rusiya qonşularına qarşı daha aqressiv olub və bunu Gürcüstanda gördük\".
Makronun sözügedən bəyanatına Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili geniş bəyanatla reaksiya verib. Spiker həmçinin bəyanatında Marneulinin Sadaxlı kəndində baş verənlərə də toxunub və Rövşən İskəndərovun adını dilə gətirmədən törətdiyi əməli \"gülməli\" və \"ağlasığmaz hərəkət\" adlandırıb.
Şalva Papuaşvili Makronun sözlərinə belə cavab verib:
\"Bülletenlərin atılmasına gəlincə, ümumiyyətlə, nə barədə danışırıq? Belə bir absurd və yalan narrativin nüvə silahına sahib bir ölkənin prezidentinin çıxış mətnlərində yer alması necə mümkündür? Biz Marneulidə gülməli və qəribə bir hadisə gördük. Kameraların qarşısında bir insan ağlasığmaz bir hərəkət etdi. Həmin şəxs həbs olundu və cinayətin araşdırması davam edir. İndi isə bu məsələ Fransa prezidentinin çıxış mətnlərində yer alırsa, bunun arxasında ya qəsdən pis niyyətlər var, ya da bunu hazırlayanların tam qeyri-peşəkarlardır\".