Səudiyyə Ərəbistanının bir neçə şəhəri, o cümlədən Məkkə bu gün güclü yağış səbəbindən su altında qalıb.
Məkkə və Mədinədə, həmçinin Ciddə limanında və bir sıra şərq rayonlarında hava təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edilib. Yağışlar küçələri çaya çevirib, daşqınlar isə infrastruktura və evlərə ziyan vurur.
Paytaxtda, ölkənin mərkəzi hissəsində, həmçinin Əsir və Cazan əyalətlərində “narıncı” təhlükə səviyyəsi qüvvədədir. Yağış proqnozu ilə əlaqədar sakinlərdən diqqətli olmağa çağırılır. Sinoptiklər isə havanın daha bir neçə gün də əlverişsiz olacağını təxmin edirlər.
Səudiyyə Ərəbistanında xilasetmə xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Qızıl Aypara xilasetmə qrupları zənglərə tez cavab verməyə hazırdır. Sosial şəbəkələrdə avtomobillərin praktiki olaraq küçələrdə üzdüyünü, binaların su altında qaldığını, bəzi yerlərdə suyun kritik həddə qalxdığını əks etdirən videolar yayılır.
Qeyd edək ki, Məkkə və Mədinə dağlıq ərazilərdə yerləşir, oradan su sürətlə aran ərazilərinə axır ki, bu da daşqınlara səbəb olur.
//Samir Qurbanov, Editor.az