AZ

Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb

Ankara, 9 yanvar, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə Kibertəhlükəsizlik İdarəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, yeni dövlət strukturunun baş ofisi Ankarada yerləşəcək.

İdarənin vəzifəsi Türkiyənin informasiya məkanında təhlükəsizlik siyasətinin, strategiyasının və hədəflərinin formalaşdırılması olacaq.

Yeni struktur xətti ilə fəaliyyət planları hazırlanacaq, qanunvericilik bazası təkmilləşdiriləcək, kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar əlaqələndiriləcək.

Bundan əlavə, Türkiyənin informasiya təhlükəsizliyi təbliğ olunacaq, mütəxəssis hazırlığı kursları təşkil olunacaq, universitetlərin, dövlət və özəl sektorun iştirakı ilə layihə və proqramlar həyata keçiriləcək.

135 nəfərdən ibarət olan idarənin prioriteti yerli proqram təminatı və texnologiyaların inkişafı, yeni layihələrin təşviqi və böhran vəziyyətlərinin idarə edilməsi olacaq.

Yeni dövlət qurumu həmçinin xarici nümayəndəliklər aça biləcək.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
35
azertag.az

1Mənbələr