“Neftçi”nin qış fasiləsində vidalaşdığı ilk legioner Mart Tamaş oldu. 2023-cü ilin yayında Azərbaycana gələn macarıstanlı futbolçu özünü doğrultmadı.
31 yaşlı müdafiəçi Samir Abasovun gəlişindən sonra da əsas heyətdə özünə yer edə bilmədi. Belədə klubdan heç bir kompensasiya almadan getdi.
Bu ayrılıq ətrafında Tamaşla söhbətləşmək qərarına gəldik. Amma təkcə bu haqda yox. Mark həm “Neftçi”, həm də Azərbaycan futbolu ilə bağlı suallarımızı cavabladı.
- “Neftçi”dən ayrılmağının səbəbi kimi az şans qazanmağın göstərilir. Hətta təzminat almadan getmisən. Qarşılqılı qərar idi, yoxsa sən istədin?
- Bəli, mən klubdan xahiş etdim ki, daha çox oynamaq və futboldan həzz almaq istəyirəm. Meydandan kənarda qalmaq yox, meydanda görünmək istəyirəm. Hələ o enerjini özümdə hiss edirəm. Sonra qarşılıqlı razılıqla müqaviləni pozduq. Mənim üçün təzminat yox, yaşıl meydanda olmaq daha önəmlidi.
- Son vaxtlar uğursuz nəticələrə görə “Neftçi”də hamı tənqid edilirdi ki, onlar arasında sən də var idin. “Neftçi” azarkeşlərinin bu təzyiqi səni nə dərəcədə narahat edirdi? Ümumiyyətlə, hansısa məqamda haqsızlıqla üzləşdiyini düşünürsənmi?
- Azarkeşlər haqlı idi – belə böyük, tarixi klubda oynayırsansa, nəticə qazanmalısan! Təzyiq bu deyil...Təzyiq ailənizə yemək verə bilmədiyiniz zamandı. Onlar istənilən şəraitdə komandanın yanında oldular. Mən azarkeşləri alqışlayıram. Biz hiss edirdik ki, onlara istədiklərini verə bilmirik. Çünki onlar bizi hər an dəstəkləyirlər və daha çox şeyə layiqdilər!
- 2023-cü ilin yayında “Neftçi”yə gəldin və dörd baş məşqçinin rəhbərliyi altında çıxış etdin. Bəzi dönəmlərdə nəinki əsas heyət üzvü olmadın, oyun şansı da qazana bilmədin. Bu məşqçilərdən hansı ilə işləmək sənə çətin oldu?
- Bəli, hamısı ilə bağlı müxtəlif xatirələrim var. Adrian Mutu, Miodriq Bojoviç, Roman Qriqorçuk və Samir Abasovun özünəməxsus taktikası vardı. Deyə bilərəm ki, son 6 ay mənim üçün heç yaxşı keçmədi. Çünki karyeramda ilk dəfə ehtiyat oyunçular skamyasında əyləşdim. İlk üç mövqe üçün mübarizə aparsaydıq, şans qazana bilərdim. Hər şeyi başa düşürdüm, amma nəticələrimiz pis olduqca mən də şans qazanmamağa başladım. Bu da zehni baxımdam çox çətin idi. Deyə bilərəm ki, karyeramın ən çətin dönəmləri də bu dövr idi.
- “Ağ-qaralar”a gələndə ilk müsahibəndə demişdin ki, daha çox şans qazanmağı və daha çox titul əldə etməyi hədəfləyirsən. “Kaş ki...” dediyin məqam, yaxud Azərbaycana gəldiyinə görə peşmanlığın oldumu?
- Heç peşman deyiləm. Burda yaxşı günlərim də olub. İlk mövsümdə ikincilik üçün mübarizə apardıq. Son turlara qədər də belə davam etdi. Daha yaxşı ola bilərdimi? Bəli. Nəticələrdən qətiyyən razı deyiləm. Əlbəttə, nəticələr “Neftçi”yə layiq deyildi. Amma bəzən çox istəsən belə, ortaya oyun qoya bilmirsən...
- Peşəkar futbolçu karyerası olan biri kimi “Neftçi”nin uğursuzluğunun səbəbini nədə görürsən? Səncə, hansı halda klub əvvəlki əzəmətini qaytara bilər?
- Bu sualı cavablamaq mənim vəzifəm deyil. Rəhbərlər bunun üçün “Neftçi”yə nə lazım olduğunu çox yaxşı bilirlər. Ümid edirəm ki, onlar “Neftçi”ni yenidən parlada biləcəklər!
- Azərbaycan çempionatının səviyyəsini necə görürsən? Burda oynadığın dövrdə hansı fərqli xatirələrin oldu?
- Bəli, çox yaxşı komandalarda oynamışam, həm də yaxşı xatirələrim var. Çempionat dəyişir və daha da yaxşılaşır. Gördüyünüz kimi, indi daha keyfiyyətli klublarınız var.
- Azərbaycan klublarından təkliflər aldınmı? Yaxud yenidən burda forma geymək istərsənmi?
- Heç bir təklif almadım. Bəlkə təklif alsaydım, nəsə düşünə bilərdim. Gələcəkdə isə nəyin necə olacağını bilmək olmaz.
- Səncə, “Qarabağ”ı niyə heç kim taxtından endirə bilmir?
– Baxın, “Qarabağ” yaxşı komanda qurub və bunun üçün zamanında uzunmüddətli investisiya yatırıb. Amma düşünürəm ki, başqaları da indi gördüyünüz “Qarabağ” kimi əla komanda idarə edə bilərlər. Bunu yuxarı pillələr üçün mübarizə aparan klublara şamil edə bilərəm. İstək, mübarizə əzmi olan klublar var. Bunun üçün vaxt və nə etmək istədiyiniz önəmlidi. Bu yolda irəliləyiş mütləq lazımdı.
- Hansı futbolçularla dost münasibətləri qurdun?
- Deyə bilərəm ki, bütün komanda yoldaşlarımla yaxşı münasibətimiz var. Biz adi həyatda da danışırıq. Bu baxımdan Azərbaycanda günlərim sıxıcı keçmədi. Çoxlu dost qazandım, sizin ölkənizə hörmətim artdı. Deyə bilərəm ki, azərbaycanlılar çox qonaqpərvərdi. Mən bunu hər ölkədə görməmişəm.
- Sabiq klubun “Sepsi”yə keçdiyin deyilir. Hansı ki, ordan “Neftçi”yə gəlmişdin.
- Bəlkə ola bilər... Hələ də hara keçəcəyimi bilmirəm. Amma yenidən oynamaq üçün acam, çünki çox gözləmək istəmirəm.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta