2024-cü ildə "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin cəmi dövriyyəsi 1 milyard manatdan yüksək olub.
Marja.az Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, ötən il "İnvest-AZ"ın cəmi əməliyyatların həcmi 1 milyard 132 milyon 19 min manat, əməliyyatların sayı 4475 təşkil edib.
2023-cü ildə Şirkətin cəmi dövriyyəsi 586 milyon 327 min manat, əməliyyatların sayı 2824 təşkil etmişdi. Beləliklə, 2023-cü illə müqayisədə 2024-cü ildə "İnvest-AZ İnvestisiya Şirkəti"nin cəmi dövriyyəsi 2 dəfəyə yaxın artıb.
Ötən il "İnvest-AZ" repo üzrə 851 milyon 415 min manatlıq, dövlət istiqrazları üzrə 205 milyon 818 min manatlıq, korporativ istiqrazlar üzrə 66 milyon 774 min manatlıq, Mərkəzi Bankın qiymətli kağızları üzrə 4 milyon 934 min manatlıq, səhmlər üzrə 3 milyon 78 min manatlıq əməliyyat həyata keçirib.
2023-cü ildə "İnvest-AZ" repo üzrə 466 milyon 447 min manatlıq, dövlət istiqrazları üzrə 105 milyon 466 min manatlıq, korporativ istiqrazlar üzrə 12 milyon 764 min manatlıq, səhmlər üzrə 1 milyon 651 min manatlıq əməliyyat həyata keçirmişdi. Bütün bazarda olduğu kimi, Şirkətin dövriyyəsinin artmasına repo və dövlət istiqrazları üzrə əməliyyatların həcminin artması səbəb olub.