AZ

İş həyatı ilə təhsil arasında tarazlıq: Tələbələr imtahanlara necə hazırlaşmalıdır?

Artıq universitetlərdə imtahan sessiyası başlayıb. Müşahidələr göstərir ki, bir çox tələbə həm işlədiyi üçün, həm də bəzən tənbəllik səbəbindən imtahana hazırlığı son günlərə saxlayır.

 

Maraqlıdır, imtahanda yaxşı nəticə əldə etmək üçün işləməyə məcbur olan tələbələr necə bir plan qurmalıdır ki, həm işlərinə, həm də təhsillərinə eyni dərəcədə diqqət ayıraraq uğurlu nəticələr əldə etsinlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Adil Vəliyev bildirib ki, tələbələr iş həyatına erkən atılır, bu da məzun olduqdan sonra iş tapmaqda böyük üstünlük yaradır:

 

"Biz şahid oluruq ki, bəzi tələbələr təhsil aldıqları müddətdə ixtisasları və bacarıqları üzrə işləyirlər. Bu hallar əsasən, 3-cü və 4-cü kurslarda daha çox müşahidə olunur. Müsbət tərəfi isə ondan ibarətdir ki, tələbə iş həyatına erkən atılır və bu, məzun olduqdan sonra iş tapmaqda onlara böyük üstünlük qazandırır. Praktiki bilik və bacarıqlarını inkişaf etdirmək tələbənin peşəkar gələcəyi üçün dəyərli təcrübə hesab olunur. Bu proses tələbənin real iş mühitinə uyğunlaşmasına və öz ixtisasını daha dərindən mənimsəməsinə kömək edir. İşləmək bəzi tələbələrin dərs hazırlığına və davamiyyətinə mənfi təsir göstərə bilər. Bu isə onların akademik göstəricilərinə, illik ortalama nəticələrinə və hətta vaxtında məzun olma şanslarına zərər verə bilər".

 

Təhsil eksperti tələbələrə bir sıra tövsiyələr də verib:


"Tələbələr iş taparkən dərs və imtahan saatları ilə üst-üstə düşməyən və ya mümkün qədər distant formatda olan işlərə üstünlük versinlər. Bu, onların dərslərə davamiyyətini təmin etmək baxımından vacibdir. Həmçinin, dərslərə mütəmadi olaraq hazırlıq göstərmək lazımdır. Semestrin sonuna qədər dərsləri toplamaq imtahanlara hazırlığı daha da çətinləşdirə bilər".

Seçilən
14
azedu.az

1Mənbələr