Futbol üzrə Türkiyə millisinin və İngiltərənin “Bornmut” klubunun hücumçusu Enes Ünal uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçu zədələnərək cari mövsümü erkən başa vurub. Onun məşq zamanı çarpaz bağları qopub.
Xatırladaq ki, “Bornmut” Enes Ünalı 2024-cü ilin fevral ayında İspaniyanın “Xetafe” klubundan icarəyə götürmüşdü. Yayda isə İngiltərə klubu türkiyəli futbolçunun çıxışından razı qaldığı üçün, onun transfer hüquqlarını da almışdı. “Bornmut” bunun üçün La Liqa təmsilçisinə 16,5 milyon avro ödəmişdi. Enes Ünalla 4 illik müqavilə imzalanıb. Bir sözlə o, 2028-ci ilin 30 iyununa kimi “Bornmut”un uğurları üçün çalışmağa davam edəcək.
Türkiyəli hücumçu cari mövsümdə bu komandanın heyətində 17 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Enesin “Bornmut” karyerası bütövlükdə 34 oyun, 4 qol və 3 assistdən ibarətdir.
Enes Ünal daha öncə “Xetafe”, “Real Valyadolid”, “Bursaspor”, “Tvente”, “Vilyarreal”, “NAK Breda”, “Genk” və “Levante” kimi klublarda da forma geyinib.
Ünal 2015-ci ilin mart ayında debüt etdiyi Türkiyə milli komandasının heyətində 34 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl “Bornmut”un braziliyaılı hücumçusu Evanilsonun da ayağı sınmışdı.
“Bornmut” hazırda İngiltərə Premyer Liqasında 33 xalla 7-ci sırada qərarlaşıb.