Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı son hadisələrdən danışıb. Nazir Dəməşqdəki yeni administrasiyanın döyüşməkdən qorxmadığını bildirərək, "Əgər hərbi əməliyyat istəmirsinizsə, bunun şərtləri bizim və ya Suriyanın yeni rəhbərliyi tərəfindən aydın şəkildə izah olunub, başqa ölkələrdən gələn beynəlxalq terrorçular ölkəni tərk etməlidir" deyib.
Hafta.az-ın yazdığına görə, Fidanın sözlərinin nəticələri daxildə və xaricdə yaxından izlənilir. “Clash Report”un analitiki Doğacan Başaran Fidanın dediklərini dəyərləndirib. Başaran çıxışına Türkiyənin PKK/YPG-nin Suriyada olması ilə bağlı mövqeyinin bəlli olduğunu ifadə edərək başlayıb.
“Onun irəli sürdüyü yol xəritəsi son dərəcə aydındır. Ankara ilk növbədə PKK/YPG-dəki əcnəbi terrorçuların Suriyanı tərk etmələrini gözləyir. Suriyalı olan YPG üzvləri silahlarını yerə qoymalı və Suriya ordusuna inteqrasiya etməlidirlər” deyən Başaran Türkiyənin mövqeyinin iki baxımdan əhəmiyyətli olduğunu bildirib. Bunlardan birincisini YPG terror təşkilatının ləğvində Türkiyənin milli təhlükəsizliyi üçün böyük qazanc kimi izah edib. Başaran, “Xarici işlər naziri Hakan Fidan da buna üstünlük verir. İkinci məsələ Suriyanın ərazi bütövlüyünün təmin edilməsidir. YPG-nin ləğvi Suriyanın yeni administrasiyasının ölkənin ərazi bütövlüyünü təmin edəcəyi anlamına gələcək. Bu, həm Dəməşqdə qərar qəbul edənlərin maraqlarına, həm də regional paytaxtların gözləntilərinə uyğundur. Çünki regionun sabitliyi Suriyanın sabitliyini zəruri edir. Hazırda PKK Türkiyə, Suriya, İran və İraqın ərazi bütövlüyünü təhdid edən bir təşkilatdır. Ona görə də YPG-nin ləğvi prinsipial olaraq bu dörd dövlətin maraqlarına uyğundur” deyib.
“Ankaranın bu yanaşmasının Əhməd əl-Şara rəhbərliyi tərəfindən də mənimsənildiyini söyləmək olar”, - deyə Başaran əlavə edib.
“Hakan Fidan da bunu açıq şəkildə bildirdi. Aydındır ki, Ankara ilə Dəməşq arasında fikir ayrılığı yoxdur. Ona görə də Türkiyə ilə Suriyanın yeni administrasiyasının həm YPG məsələsində, həm də digər məsələlərdə ahəngdar işləyəcəyini proqnozlaşdırmaq olar. Burada yalnız bir problem var. Əhməd əl-Şar administrasiyası yenidir, bəzi şeylərə isə vaxt lazımdır. Bununla belə, terror təşkilatı da vaxt udmağa çalışır. Bu məqamda YPG-nin ləğvi üçün başqa variant olmasa, Türkiyənin sərhədyanı əməliyyatı ön plana çıxa bilər. Nazir Fidan artıq bunu vurğuladı” – ekspert deyib.