Bu gün Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın qətlə yetirildiyi gündür. Belə ki,o, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib.
AzEdu.az Təhsil Portalı olaraq Salatın Əsgərovanın təhsilinə nəzər saldıq.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vuran Salatın həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Onun müəllimi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi.
Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub.
İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlib. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib.
Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılıb. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub.
Qeyd edək ki, Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!