Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibə bir çox mövzuların əhəmiyyətini bir daha gündəmə gətirdi. Dövlət başçısı Azərbaycan xalqının maraqlarına uyğun yürüdülən xarici siyasətin davamlılığını öz açıqlamaları ilə bir daha təsdiqlədi.
Prezidentin çıxışını “Operativ Media”ya şərh edən deputat Rizvan Nəbiyev yeni dünya düzəni ideyasına diqqət çəkib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində, xüsusilə, yeni dünya düzəni ilə bağlı strateji əhəmiyyətli baxılarını bölüşdü. Belə ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəni hazırkı çağırışlara, tələblərə cavab vermir, böhran içərisindədir. Ayrı-ayrı bölgələrdə münaqişələr, siyasi qarşıdurmalar bunun sübutudur”.
Millət vəkili qeyd edib ki, Azərbaycan malik olduğu resurslarla Cənubi Qafqaz və Xəzər regionunda yeni düzənin formalaşmasına öz töhfəsini verir:
“Yeni dünya düzəni hələ formalaşmayıb, başlanğıc mərhələsindədir. Müxtəlif qüvvələrin bununla bağlı öz müxtəlif yanaşmaları var. Cənab Prezident vurğuladı ki, biz yeni düzənin formalaşmasını gözləmirik və öz bölgəmizə, Cənubi Qafqaz və Xəzər regionuna yönəlik öz gündəliyimizi malik olduğumuz resurslarla formalaşdırırıq. İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin bir günlük lokal xarakterli antiterror əməliyyatlarından sonra yeni yaranmış bəzi reallıqlar bununla bağlı əlverişli şərtləri diktə edir”.
Deputat son illər Azərbaycan hökumətinin yürütdüyü uğurlu xarici siyasətin əhəmiyyətli detallarını diqqətə çatdırıb:
“Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində və öz xarici siyasətində milli maraqları qorumaqla multilateralizmə, multilateral dəyərlərinə üstünlük verir. Azərbaycanın D-8-ə üzvlüyü buna nümunədir. Bilirik ki, bu təşkilat aparıcı səkkiz müsəlman dövlətini birləşdirir. Orada qardaş və müttəfiqimiz Türkiyə ilə yanaşı, strateji tərəfdaşımız və dostumuz Pakistan, İran, Banqladeş, İndoneziya, Malayziya və Nigeriya yer alır. Bu dövlətlərin ümumi əhalisi dünya əhalisinin 13 faizidir ki, bu, həmçinin, İslam ölkələrinin əhalisinin hardasa 60 faizi deməkdir. Eyni zamanda dövlətlərin ümumi daxili məhsulu beş trilyon ABŞ dolları həcmindədir ki, bu da çox ciddi bir rəqəmdir.
Azərbaycan Respublikası məhz yeni yaratdığı reallıqlarla öz siyasi çəkisinin və nüfuzunun təsdiqi olaraq bu təşkilata üzv qəbul olundu. Azərbaycan malik olduğu coğrafi mövqeyi, iqtisadi və digər resursları ilə həmin təşkilata zənginlik gətirir, qarşıdakı illərdə xüsusi ilə nəqliyyat-kommunikasiya sahəsində öz töhfəsini verəcəkdir”.
Rizvan Nəbiyev bu istiqamətdə Azərbaycanın İslam dünyası ilə əməkdaşlığına da diqqət çəkib:
“Digər bir məsələ Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığıdır. 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan olunmuşdu. Daha əvvəl-2013-cü ildə Azərbaycan BMT-nin qeyri-daimi üzvü statusunda tarixdə ilk dəfə olaraq İƏT və BMT arasında əlaqələrin gücləndirilməsi ilə bağlı xüsusi iclas təşkil etmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan İƏT-ə üzv dövlətlərə münasibətdə həmişə ədalətli mövqe sərgiləyir. Suriya ilə bağlı axırıncı məsələləri misal göstərə bilərik. Azərbaycan Suriyanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, oradakı məsələlərin xalqın iradəsinə uyğun siyasi yolla həll edilməsinə maraq göstərir. Suriyaya ilk yardım göndərən dövlətlərdən biri elə Azərbaycan olub. Türkiyə ilə birgə Suriyanın sabitliyinə dəstək verilməsi istiqamətində diplomatik addımların atılması da planlaşdırılır. Qeyd edim ki, Dəməşqdə yenidən səfirliyimizin bərpası məsələsi də gündəmdədir”.
Millət vəkili vurğulayıb ki, xarici siyasət strategiyamızada xüsusi yeri olan digər bir məsələ də Türk dünyası ilə əlaqələrimiz və Zəngəzur dəhlizinin bu dövlətlər arasında əlaqələrə töhfəsidir:
“Yeni dünya düzənində önəm daşıyan məsələlərdən biri də Türk Dünyası ilə münasibətlərimizin intensivləşdirilməsidir. Bir faktı qeyd edim ki, İkinci Qarabağ müharibəsindən sonra cənab prezident Türk Dövlətləri Təşkilatına iyirmidən çox səfər həyata keçirib. Həmçinin, həmin dövlətlərdən də Azərbaycana intensiv səfərlər həyata keçirilib. Xüsusilə vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında münasibətlərin intensivləşməsinə böyük təkan verəcək. Amma dəhlizin açılmasının bundan daha böyük coğrafiya üçün də əhəmiyyəti var. Belə ki, Zəngəzur Orta Dəhlizin çox vacib bir hissəsidir. Buna görə dəhlizin açılması əslində Ermənistanın da maraq dairəsindədir. Rəsmi İrəvan bu layihəni nə qədər tez real addımlarla dəstəkləsə bütün region dövlətləri daha tez bundan iqtisadi və siyasi dividentlər əldə edə bilər.