İraq Türkmən Cəbhəsi Kərkük vilayət şöbəsinin keçmiş sədri Kasım Kazancının başsağlığı mərasimi zamanı qalmaqallı görüntülər sürətlə sosial mediada yayılıb. Terror təşkilatı PKK tərəfdarı olan Kərkük valisinin müavini Yavuz Həmid dəfn mərasimində fiziki və şifahi zorakılıqla çirkin hərəkət edib.
Hafta.az-ın yazdığına görə, dəfn mərasiminə buraxılmayan PKK tərəfdarı Həmid öz adamları və polisin müşayiəti ilə yas çadırına girərək qalmqal yaradıb. Onun yas məclisində iştirak edən türkmən gəncləri təhqir və təhdid etdiyi bildirilir. Nəticədə qalmaqal yaranıb və bundan sui-istifadə edən Həmid bəzi türkmənlər üçün həbs qərarı çıxarıb.
Məsələ ilə bağlı QHA-ya açıqlama verən Gökbayrak Platformasının Türkmənelidəki məsul sədr müavini Hüseyn Rəmzi deyib: “Türkmən millətinin şərəfli mövqeyini qəbul edə bilməyən xainlər bölgədə gərginliyi artırmaq və türkmən varlığını zəiflətmək üçün hər cür çirkin üsullardan istifadəyə davam edir. Kərkükdəki bu hücum təkcə türkmən gənclərə deyil, bütün türk millətinə xəyanətdir. Türkmənelidə idealist gəncliyə qarşı edilən bu xain təxribatlar qarşısında türkmən gənclər öz düz mövqelərindən heç vaxt güzəştə getməyəcək və bu hücumlara görə qanun çərçivəsində cavab verəcəklər. Türkmənelini parçalamağa çalışan PKK tərəfdarlarına və onların işbirlikçilərinə mesajımız açıqdır: Türkməneli tərk edilmir, xain planlarınıza heç vaxt icazə verilməyəcək. Türkməneli türk millətinin namusudur və bu şərəfə uzanan hər çirkli əl mütləq qırılacaq”.
Ümumilikdə 16 üzvü olan Kərkük Vilayət Şurası 10 avqust 2024-cü ildə 9 üzvlə keçirilən qondarma seçki ilə Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) üzvü Rebvar Tahanı vali təyin edib. Digər tərəfdən, Ərəb Koalisiyasından Məhəmməd Hafiz Əyalət Məclisinin sədri seçilib.
Kürdüstan Demokrat Partiyasının (KDP) və 3 ərəb üzv seçkidə iştirak etməyib. İraq Türkmən Cəbhəsi otel otağında keçirilən qondarma seçkinin qanuni olmadığını bildirib və seçkinin ləğvi üçün Ali Federal Məhkəməyə müraciət edib.