“Ermənistanın narahatlığı başadüşüləndir. Çünki siyasi dayaqlarını ard-arda itirməkdədir. Ən böyük dəstəkçiləri olan Emmanuel Makron artıq sıradan çıxmaq üzrədir. Əsədin taleyi məlumdur. Cozef Baydenin isə birdəfəlik gedişinə barmaqlarımızın sayı qədər gün qalıb. Kanadanın ermənipərəst Baş naziri Castin Trüdon da suyu süzülə-süzülə getdi. Rusiya ilə də münasibətlər ortadadır”.
Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Onun sözlərinə görə, Azərbaycan yaranan situasiyadan istifadə edib bu il Zəngəzur dəhlizi və sülh müqaviləsi kimi məsələləri birdəfəlik həll etməlidir:
“Ali Baş Komandan İlham Əliyev müsahibəsində bunun mesajını da verdi, qətiyyətini da nümayiş etdirdi. Ermənistan çox da ümidlənib Laçın və digər istiqamətlərdən atəşkəsi pozmağa çalışmasın. Unutmasınlar ki, Dəmir Yumruq yerindədir və ikinci dəfə başlarına dəysə gicəllənmələri ömürlük davam edəcək. Paşinyan hökuməti onu da unutmasın ki, region ölkələri Türkiyə istisna artıq bu məsələdə neytral mövqe sərgiləyirlər. Çünki Azərbaycan kimi Cənubi Qafqazın lider ölkəsi ilə münasibətləri korlamaq istəmirlər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da biz seçimini II Qarabağ savaşında gördük. Ermənistan hələ də bunun şokunu yaşayır. Qardaş Türkiyə də məlumdur ki, Azərbaycanın tam yanındadır”.
Analitik Ermənistanın indiki vəziyyətdə müharibə etmək düşüncəsində olduğuna inanmır:
“Çünki buna gücləri də yoxdur. Sadəcə ara-sıra atəşkəsi pozmaqla varlıqlarını göstərməyə çalışırlar. Buna da Azərbaycan Prezidenti 31 dekabrda xalqa bayram müraciətində və son müsahibəsində cavab verdi. İlham Əliyev çıxışında Ermənistanın silahlanmasına geniş yer ayırdı. 2024-cü ilin son dəqiqələrində bu məsələyə toxunmaq ciddi mesaj idi. İlham Əliyev Ermənistanı silahlandıranlara da ismarış göndərdi. Hətta müsahibəsində bu silahları geri almağın vacibliyini də vurğuladı. Əslində bununla Azərbaycan Prezidenti ölkəsinin artıq səbr kasasının daşdığını göstərir və hansısa bir əməliyyat baş tutarsa, bunun səbəbkarlarının Ermənistan və onu silahlandıran tərəflərin olduğu mesajını dünyaya göndərirdi”.
C.Abbaslı bu il barədə də ümidli danışdı:
“2025-ci il düşünürəm ki, Azərbaycan üçün çox uğurlu il olacaq. Sülh müqaviləsinin ölkəmizin diktəsi və şərtləri daxilində əldə olunacağını düşünürəm. Zəngəzur dəhlizi barədə isə İlham Əliyev son fikirlərini dedi. Ali Baş Komandan qəti şəkildə Zəngəzur dəhlizi açılmalıdır və açılacaq dedi. Hesab edirəm ki, bu tarixi anı bu il yaşayacağıq. Bir sözlə bütün proseslər bizim xeyrimizədir. Azərbaycan da belə situasiyalardan hər zaman doğru yararlanıb. Bu dəfə də belə olacağına inanırıq. Uğurlar, Azərbaycan!”.
//Gülnarə Abasova, Editor.az