Bakı, 9 yanvar, AZƏRTAC
Ottava ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25 faizlik rüsum tətbiq etmək hədəsinə analoji cavab verməyi düşünür.
AZƏRTAC xəbər verir ki, “The Globe and Mail” qəzeti bu barədə yüksəkvəzifəli hökumət rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, Kanadanın hakimiyyət orqanları ABŞ-dan idxal edilən portağal şirəsi, keramika və polad məmulatlara rüsum tətbiq etməyi planlaşdırır. Adının açıqlanmasını istəməyən məmur qeyd edib ki, Donald Trampın təhdidlərinə cavab verəcək malların siyahısı hələ yekunlaşmayıb və ona güllər, həmçinin bəzi şüşə və plastik məmulatlar da əlavələr oluna bilər.
Kanada hökuməti rüsum tətbiq ediləcək məhsulları seçərkən öz istehlakçıları üçün mənfi nəticələri minimuma endirməyə və eyni zamanda, ABŞ siyasətçilərinə zərər vurmağa çalışır. Məsələn, portağal suyu əsasən Donald Trampın iqamətgahının yerləşdiyi və Konqresin bir çox respublikaçı üzvlərinin yaşadığı Florida ştatında istehsal olunur.
Qeyd edək ki, ABŞ, Meksika və Kanada birgə azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişə imza atıblar. Lakin Donald Tramp qeyri-qanuni immiqrasiyanı və narkotik qaçaqmalçılığını bəhanə gətirərək, prezident kimi fəaliyyətə başladığı ilk gündə digər iki dövlətin mallarına 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.