AZ

Harri Maquayr sürücülük vəsiqəsindən məhrum edildi

“Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr sürət həddini aşdığı üçün sürücülük vəsiqəsindən məhrum edilib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, yol hərəkəti qaydasının pozulması müşahidə kameralarına düşüb. Məhkəmə Maquayrı 56 gün müddətinə sürücülük hüququndan məhrum edib və futbolçunu 666 funt-sterlinq məbləğində cərimələyib. Maquayr məhkəmədə iştirak etməyib, futbolçunu ədalət qarşısında qanuni nümayəndəsi təmsil edib.

Harri Maquayr futbola “Bransmir Atletik” klubunda qədəm qoyub, buradan “Barnsli”yə yol tapıb. Maquayrın böyük futbolda debütü “Şeffild Yunayted”də baş tutub.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib.

İngilis müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 17 oyun keçirib, 1 qol vurub.

Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 223 oyun, 12 qol, 7 məhsuldar ötürmə.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.

Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 64 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis mərkəz müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
23
arena.az

1Mənbələr