AZ

Azərbaycanın müstəqillik tarixini öz konstitusiyası ilə başlaması əlamətdar hadisədir - ÖZƏL

"Konstitusiya hər bir dövlətin normal, funksional fəaliyyət göstərməsi üçün vacib ana sənədidir. Çünki burada dövlətin quruluşu, idarəçilik sistemi, vətəndaş-dövlət münasibətləri, vətəndaşların hüquqları, azadlıqları, cəmiyyətin siyasi sisteminin quruluşu, idarə olunması, daxili və xarici siyasətinin əsas modelləri və s. əks olunur ki, bunlarsız dövlət normal fəaliyyət göstərə bilməz. Ona görə Konstitusiyanın 30 illiyinin elan olunması tarixi hadisədir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Bu,  Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən özünün dövlət quruculuğunu möhkəm Konstitusiya əsaslarına keçirmək siyasətindən xəbər verir. Bəllidir ki, dünyada heç də hər dövlətin konstitusiyası olmur. Elə ölkələr var ki, onlar müəyyən qanunlar toplusu ilə idarə olunur və konstitusiyaları yoxdur. Amma konstitusiyası olan ölkələr dünyada müəyyən nöqteyi -nəzərlərdən üstün ölkələr sayılırlar. Bu mənada, Azərbaycanın müstəqillik tarixini öz konstitusiyası ilə başlaması əlamətdar hadisədir və o deməkdir ki, Azərbaycan dövləti özünün daxili və xarici inkişaf, fəaliyyət modellərini sırf konstitusiyanın normaları əsasında qurur. 
Həm də bu il, eyni zamanda, konstitusiyanın ehtimal olunan və mümkün dəyişiklikləri ilə xarakterizə oluna bilər. Çünki böyük hadisələr baş verib, ərazi bütövlüyü və suverenlik bərpa olunub. Ölkədə icra sistemində idarəçiliyin yeni formaları və mexanizmləri yaranıb. Ölkənin inzibati ərazi bölgüsündə yenilikləri var, bələdiyyə sistemində böyük dəyişiklər edilib. Bunlar konstitusiyamızda bu il müəyyən dəyişikliklərin edilə bilməsi ehtimallarını da artırır və əgər belə dəyişikliklər olacaqsa, bu, Azərbaycan Konstitusiyasının 30 il ərzində ən böyük təkmilləşdirilməsi və dəyişikliklər edilməsi mərhələsi ola biləcək. 
İndiyə qədər də konstitusiyada əlavə və dəyişiklik olunub, 2002-ci ildə, 2009-cu ildə və 2015-ci ildə. Amma fikrimcə, bu dəfə konstitusiyaya edilə biləcək dəyişikliklər konstitusiya tariximizin keyfiyyətcə yeni bir mərhələsini açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr